Gülər Əhmədovaya lüks şərait yaradılması barədə deyilənlər sabiq deputatın vəkili tərəfindən təkzib olunsa da, gələn məlumatlar bunun əksini göstərir. Məlumatlarda iddia edilir ki, həqiqətən Gülər Əhmədovaya Kürdəxanı təcridxanasında xüsusi imtiyazlar tanınıb.
Xatırladaq ki, ilk olaraq vəkil Elçin Sadıqov öz “Facebook” profilində bu barədə yazmışdı.
Gülər Əhmədovaya xüsusi imtiyazlar tanınması müxtəlif mülazihələrə yol açıb. Bəzi mülahizələrə görə, sabiq deputata lüks şəraitin yaradılması Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin xidmətidir. Bu fikirdə olanlar Gülər Əhmədovanın Ramiz Mehdiyevə yaxın şəxs olmasını, “mandat alveri”ndə PA rəhbərinin də adının hallanmasını əsas gətirirlər. Digər tərəfdən Penitensiar Xidmətinin rəhbəri Mədət Quliyev də Ramiz Mehdiyevin komandasının üzvü hesab edilir. Ehtimal olunur ki, Gülər Əhmədovanın həbsinə əngəl ola bilməyən Ramiz Mehdiyev ona bu imtiyazları tanımaqla sabiq deputatın ona qarşı çevrilməsinin qarşısını alır.
Başqa bir mülahizəyə görə, Ramiz Mehdiyev Gülər Əhmədovanın həbsilə “mandat alveri”ndə məsuliyyəti öz üzərindən atmağa çalışır. PA rəhbərinə əks cəbhədə duranlar isə sabiq deputata dəstəklərini ona lüks şərait yaradılması ilə izhar edirlər. Ramiz Mehdiyevə rəqib qruplaşmanın Paşayevlər olduğunu nəzərə alsaq, onda göstərişin ən yüksək səviyyədə verildiyi və bu baxımdan PA rəhbərinin məsələyə müdaxilə edə bilmədiyini söyləmək olar.
Hikmət


