Məmurların dəbdəbəli həyat tərzinə qarşı çıxan dövlət başçısının atasının ad günü büdcəyə milyonlara başa gəlir
Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bəyan edib ki, bu il mayın 10-u üçün ölkəyə xaricdən gətirilən güllər əvvəlki Gül bayramlarından çox olacaq.
Bəllidir ki, “Gül bayramı” formal olaraq bayram kimi təqdim edilir. Əslində isə, hər ilin 10 may tarixində mərhum prezident Heydər Əliyevin doğum günü qeyd olunur. Bunu güllərlə bəzədilmiş stendlərdən, H.Əliyevin simvollarından açıq-aydın görmək olur.
Maraqlısı budur ki, Ilham Əliyev keçirdiyi son müşavirədə məmurlara iradını bildirərək, onları dəbdəbədən uzaq olmağa çağırıb. Halbuki, dövlət başçısının özünün ad günü uzunluğu diqqətçəkən dərəcədə böyük olan tortun kəsilməsilə yadda qalıb. Eləcə də, Abutalıbovun “Gül bayramı”na, daha doğrusu, H.Əliyevin növbəti ad gününə əvvəlkilərdən çox gül-çiçəklərin alınmasıyla bağlı açıqlaması daha çox vəsaitin israf olunması deməkdir.
Yeri gəlmişkən, builki bayramın Bakı ilə yanaşı, Gəncədə də gerçəkləşməsi nəzərdə tutulub.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyir ki, bu məqsədlə sərf olunan vəsaitlə daha çox işsizi işlə təmin etmək olar. Onun sözlərinə görə, təəssüf ki, Azərbaycanın dövlət pulları sadəcə, göyə sovrulur: “Onlar bununla öz liderlərinə xalq arasında nüfuz gətirildiyini düşünürlərsə, bu, ən uğurlu variant deyil. Mərhum liderlərinə daha çox hörmət gətirmək istəyirlərsə, onda daha çox işsizə iş versinlər, yoxsulun maaşını artırsınlar, haqqı tapdanan insanların da haqqını tanısınlar. Həmçinin Azərbaycan vətəndaşlarının Konstitusiyada təsbit edilən ləyaqətli yaşamını təmin etsinlər”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, Ilham Əliyev məlum müşavirədə məmurların sadə həyat tərzi sürməli olduğuna dair səsləndirdiyi fikirlərlə kütlə arasında özünün ədalətli hökmdar obrazını yaratmaq istəyir: “Qaldı ki, dəbdəbəli həyat tərzinə tutulan irada, bu haqdan kimsəni məhrum etmək olmaz. Bir insan buna qanuni, halal əməyilə nail olubsa, burada qəbahətli bir şey yoxdur. Dəbdəbəli həyatı yaşamamaq korrupsiyanı gizlətmək, ört-basdır etmək mənasında deyilirsə, bu, yanlışdır. Azərbaycanda aylıq əməkhaqqıyla kimsə dəbdəbəli yaşaya bilməz. Dəbdəbəli həyat tərzi yaşayanların 99 faizi məhz korrupsiya ilə məşğul olan, dövlət əmlakını dağıdan, cinayətkarlıqla məşğul olan insanlardır”.
Nigar