Rejissor Vaqif Mustafayevin “Yaramaz” filmində ilk baxışda anormal görünə biləcək bir səhnə var. Artıq “böyük adam olmuş” Hətəm xidməti avtomobilində gedərkən qəflətən maşını saxladır və küçədə siqaret alveri ilə məşğul olan uşağı amansızcasına döyməyə başlayır. Uşağın günahı yalnız onda idi ki, vaxtilə ehtiyac içində yaşayan Hətəmə pul verib, sevdiyi qızın balkona çıxa bilməsi üçün ucadan onun adını bağırmasını istəmişdi. Hətəm pul qarşılığında bunu etməyə məcbur olsa da, az qala zibilə düşmüşdü. Əslində Hətəm maşını saxlayıb, həmin pulu artıqlaması ilə uşağa qaytarmalı, yaxud bir başqa jest etməli idi, etmədi. Hətəm bu hərəkəti ilə keçmişinə nifrət etdiyini gizlədə bilmədi…
Məşhur sovet rejissoru Eldar Ryazanovun azərbaycanlı tələbəsindən öncə çəkdiyi, haradasa bu filmə çox bənzəyən(!) “Fleyta üçün unudulmuş melodiya” isə, bu mövzuda çəkilmiş ən mükəmməl filmdir. Filmi kommunist ideologiyasının iflasa uğraması haqqında əyani vəsait kimi də qəbul etmək olar. Konservatoriyanın fleyta bölümünü bitirmiş istedadlı gənc, iri məmurun yeznəsi olduqdan sonra sürətlə karyera pilləkənlərini qalxmağa başlayır, illərlə sevimli alətindən ayrı qalır.
Qulluq etdiyi ideologiyanın göz görə-görə çökdüyünü dərk edən filmin qəhrəmanı ömrünün 25 ilini mənasız bir şeyə sərf etdiyini anlayır. Illər sonra yenidən fleytanı əlinə alaraq, möhtəşəm bir ifa ilə yeni sevgilisi olan tibb bacısının qəlbini oğurlamağa nail olur. Dəbdəbəli evindən, karyerasından, bir sözlə, 25 ildə qazandığı hər şeydən imtina edərək, onun darısqal kommunal mənzilinə köçür…
Əlbəttə, bu yazını oxuyanda bunun Azərbaycana nə dəxli var, bizimkilər bu haqda heç fikirləşmək belə istəmirlər, hakimiyyətlərini əbədi hesab edirlər, deyə fikirləşənlər də ola biləcək. Qətiyyən belə deyil, çünki biz hələ fimin(!) “o hissəsinə” gəlib çatmamışıq. E.Ryazanovun qəhrəmanı da öz xoşuna bu “avantürist” addımları atmamışdı. Filmdəki ideoloji mübarizə bütövlükdə Azərbaycanın hazırkı dövrünü xatırladır. Təsəvvür edin, SSRI-nin baş siyasi idarəsi əhalinin marksizm-leninizm ədəbiyyatının kütləvi surətdə makulaturaya verilməsinə qarşı tədbirlər planı hazırlayır. Qərara alırlar ki, bütün məntəqələrdə xüsusi qruplar yaratsınlar ki, onlar vətəndaşları bu fikirlərindən çəkindirsinlər. Eyni zamanda da pıçıltı ilə etiraf edirlər ki, bu mümkün deyil, qatar artıq gedib. Amma bunu ucadan etiraf etmək istəmirdilər, möcüzəyə ümid edirdilər.
Möcüzə doğrudan da baş verirdi, SSRI adlı imperiya faktiki olaraq süquta doğru gedirdi. Eldar Ryazanov bu filmi 1988-ci ildə çəkmişdi. Filmdən cəmi bir il sonra dünya sosializm sistemi, ardınca isə SSRI dağıldı…
Gündə bir neçə nəfərin girdiyi iqtidaryönlü saytlar, bir ay ərzində 5 ədəd satılmayan qəzetlər, məgər Əliyevlər rejiminin ideoloji mübarizənin çoxdan uduzduğuna dəlalət etmirmi?
Dolu həbsxanalar, amansız repressiya isə, rejimin etirafıdır. Buraya başda prezident olmaqla, bütün iri məmurların xalqdan oğurladıqları sərvəti haraya aparmasını da əlavə etsək, yuxarılarda pıçıltı ilə nədən danışıldığını təxmin edə bilərik.
Oxucu sual edə bilər, yaxşı bəs onda niyə flyeta, klarnet, qoşa nağara, gitara, məlahətli mahnı səsi eşidilmir? Haqlı iraddır, cavab verməyi özümə borc bilirəm.
Yuxarıda biz iki filmdən bəhs etdik. Eldar Ryazanovun qəhrəmanından fərqli olaraq, Vaqif Mustafayevin Hətəmi keçmişini xatırlamaq belə istəmir. O, keçmişini unutdurmaq üçün hər kəsi əzib keçməyə qalxır və sonunda acı bir məğlubiyyətə uğrayır. Bizim məmurlar bir az Hətəmə çəkiblər, odur ki, bu etiraf gələndə yəqin ki, bir az gec olacaq.
Amma razılaşın ki, iri məmurlar şou-biznesi daim diqqətdə saxlayırlar. Musiqi aləti ilə səhnəyə çıxmasalar da, özünəməxsus şəkildə “mən də varam” deyə bilirlər. Əsasən mahnı bəstələyir, yaxud da şeirlərinə mahnı bəstələdirlər(!). Mədəniyyətlə digər təmas isə, yaraşıqlı müğənni xanımlara sənət naminə sponsorluq etmələridir. Yaşı 40-ı keçmiş xanım sənətçilər və bütövlükdə kişi müğənnilərin bu qayğıdan kənarda qalmaları bəzi söz-söhbətə səbəb olsa da, israrla buna davam edirlər. Hələlik qabartmasalar da, hiss olunur ki, onlar artıq xüsusi qabiliyyətləri olan sahələri unutmamaq üçün məşq etməyə başlayıblar. Dünənin oliqarxı, bu günün “muzıkant”ı… Sizə qəribə gəlməsin…
Nəzərə alsaq ki, müasir dövrdə hakimiyyətdən getdikdən sonra heç kimə oğurladığını yeməyə imkan vermirlər, indidən bu reallıqla barışmaq lazımdır…