“El”dən Müsavata cavab

Köçəri Nağıbəyli: «Biz istəyirik hamımız bir yerdə olaq, nəinki parçalanaq»

“EL Hərəkatı AXCP, Müsavat və Azərbaycanda demokratik dəyişiklik uğrunda mübarizə aparan bütün qüvvələrlə müttəfiqliyə maraqlıdır. Biz təşkilatlanmada müttəfiq hesab etdiyimiz partiyaları, o cümlədən Müsavatı parçalamaq niyyətində deyilik”.
Bu sözləri “Azadlıq”a Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, EL Hərəkatı sədrinin təşkilati məsələlər üzrə müavini Köçəri Nağıbəyli Müsavatın Divan üzvü Ikram Israfilin ittihamlarına cavab verərəkən deyib. Xatırladaq ki, Ikram Israfil  Müsavat Məclisinin aprelin 6-da keçirilən iclasında bildirib ki, EL Hərəkatı təşkilatlanma prosesində Müsavatın yerlərlərdəki fəallarından istifadə edir. “Müsavatın yerli təşkilatlarında və rəhbərlikdə təmsil olunan bir neçə nəfərin EL-in regionlarda şöbələrinin təsis olunmasında iştirak etməsi ilə bağlı məlumatım var”.
Köçəri Nağıbəyli bildirib ki, bu məlumatların heç bir əsası yoxdur: “Deyə bilmərəm ki, belə məlumatlar hansı məqsədlə yayılır, amma çox əsassız məlumatlardır. Biz təşkilatlanma prosesində heç bir siyasi qüvvənin bazasından yararlanmırıq. Digər tərəfdən bayaq qeyd etdiyim kimi biz AXCP-ni, Müsavatı, REAL Hərəkatının, Ziyalılar Forumunu və demokratikləşməyə dəstək verən digər qüvvələrlə əməkdaşlıqda, müttəfiqlikdə maraqlıyıq. Biz istəyirik hamımız bir yerdə olaq, nəinki parçalanaq”.