abs-azerbaycan2

Avtoritarları lərzəyə salan qanun işə düşdü

abs-azerbaycan2Azərbaycanlı məmurlar da Maqnitski siyahısına düşə bilər

ABŞ prezidenti Barak Obama Rusiyada insan haqlarını pozan və işgəncələrə görə məsuliyyət daşıyan bir qrup məmura qarşı sanksiyaları nəzərdə tutan “Maqnitski siyahını” imzalayıb və artıq Konqres sənədi təsdiqləyib. Aprelin 12-də ABŞ Maliyyə Nazirliyi təyin edilən vaxtdan saat yarım əvvəl “Maqnitski siyahısı”na salınan məmurların adlarını açıqlayıb.
Bunlar Istintaq departamentinin keçmiş müstəntiqi Pavel Karpov, baş ədliyyə müşaviri Oleq Loqunov, “Butırka” həbsxanasının keçmiş rəisi Dmitri Komnov, Moskvanın Tverski məhkəməsinin hakimləri Aleksey Krivoruçko, Yelena Starşına və Sergey Podopriqorov, Moskva vergi müfəttişliyinin rəhbərləri Olqa Stepanova və Yelena Ximina, Vergi cinayətləri ilə mübarizə idarəsinin rəis müavini Artyom Kuznetsov, Baş prokurorluğun idarə rəisi Andrey Peçegin, “Matroskaya tişina” həbsxanasının rəisi Ivan Prokopenko, müstəntiq Oleq Silçenko, DIN əməkdaşları Dmitriy Tolçinskiy, Aleksey Droqanov, DIN idarə rəisi müavini Natalya Vinoqradova, Çeçenistan DIN idarə rəisi Keça Boqatıryov və biznesmen Kazbek Dukuzovdur.
Siyahıda adı çəkilən Artyom Kuznetsovun Azərbaycan vətəndaşı olduğu bildirilsə də, əslində bu şəxs Bakıda anadan olub, lakin Rusiya vətəndaşıdır.
Rusiyalı vəkil, “Hermitage Capital” şirkətinin hüquqşünası Sergey Maqnitski yüksək ranqlı məmurların offşor zonalardakı biznesini açdığı üçün həbs olunub və həbsxanada qəddar rəftar üzündən ölüb. Sanksiyalar adları siyahılara düşənlərin bank hesablarına və başqa aktivlərinə həbs qoyulmasını, habelə onların ABŞ-a girişinin qadağan olunmasını nəzərdə tutur.
ABŞ yalnız rusiyalı məmurlarla kifayətlənməyə bilər.
Avtoritar rejimlərə qarşı beynəlxalq təpkinin artdığı, offşor zonalarla bağlı məsələ ortaya çıxdığı bir dönəmdə Rusiya məmurlarına qarşı sanksiyanın tətbiq edilməsi əslində başqa ölkələrə də nümunə ola bilər. Insan haqlarının pozulması baxımından Rusiyadan geri qalmayan Azərbaycan məmurları da istisna deyil.
Ekspertlər hesab edir ki, ABŞ hansı ölkədə olur olsun bu tip insanlara, insan hüquqlarını pozanlara öz yerini göstərmək istəyir. Yəni insan hüquqlarını pozanlar demokratik ölkələrdə heç bir üstünlük əldə edə bilməzlər. Eyni zamanda Azərbaycana qarşı da analoji addımın atıla biləcəyi istisna edilmir. Çünki beynəlxalq hesabatlarda Azərbaycanın adı insan haqları kobud şəkildə pozulan dövlət sırasında çəkilir. Seçki ərəfəsində həbslərin artması beynəlxalq qurumları bu tip sanksiyalara əl atmağa məcbur edə bilər.
Lakin bunun üçün ilk növbədə Azərbaycan tərəfindən müəyyən addımlara atılmalıdır. Ilk növbədə insan haqlarının pozulmasında əli olan məmurların siyahısı tərtib olunmalı və beynəlxalq qurumlardan onlara qarşı sansiyaların tətbiq olunması tələb edilməlidir.

Fizzə