Kredit, yoxsa soyğunçuluq?

“Finka kredit” Saatlıda camaata qan uddurur. Kim ki, kreditin vaxtını bir az gecikdirdi, evinə gəlib ya heyvanını, ya da mənzilindən hər hansı əşyasını aparırlar” – bu sözləri hüquq müdafiəçisi Zaur Ağayev deyir.
Onun sözlərinə görə, kredit götürən şəxs pulu gecikdirirsə, bank məhkəməyə müraciət etməlidir: “Ancaq məhkəməyə müraciət edilmir. Birbaşa evə soxulurlar. Bunlar istəyirlər ki, qarşıdurma olsun. Vətəndaş deyir ki, pulu gecikdirirəmsə, məhkəməyə üz tut, məni narahat eləmə. Banka tez ödəyəndə heç bir güzəşt tətbiq etmirlər, ancaq hətta bir gün gecikdirəndə o dəqiqə evə gəlirlər”.
Hüquq müdafiəçisinin sözlərinə görə, bankın işçiləri evlərə gələndə 102 xidmətinə zəng ediblər: “Deyirik ki, camaatın evinə soxulurlar, burada qan düşəcək, cavabları ”biz o işlərə baxmırıq” olur. Məsləhət görürlər ki, məhkəməyə müraciət edək. Bankın baş ofisinə zəng etdik. Onlar da dedilər ki, bu cür hadisə yolverilməzdir”.
Zaur Ağayev deyir ki, bank krediti bir ilə 36, 2 ilə 47.5 faizlə verir: “Camaatın vəziyyət ağırdır. Imkansızlıqdan pul götürürlər, ancaq heç bir güzəşt edilmir”.
Məsələylə bağlı Finka kreditin baş ofisiylə əlaqə saxladıq. Həftə sonu olduğu üçün heç kimlə danışa bilmədik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

Informasiya şöbəsi