Fikir verdim, bu son günlərdə bir neçə ölkə eyni cinsli nikahların leqallaşdırılması haqda qərar verdi. Başa düşürəm, xəbər elə də təzə deyil. Amma son vaxtlar bir neçə ölkənin bü məsələyə artıq müsbət rəy verməsini təzə xəbər adlandırmaq olar. Elə ABŞ prezidenti B.Obamanın da təkrar seçilməsində cinsi azlıqların rolu az olmamışdı.
Bəli, hər bir ölkənin insanları müstəqil qərar qəbul etməkdə sərbəstdir. Bunu başa düşürük. Amma o da var ki, biz demokratik Qərb ölkələrini həmişə nümunə kimi göstərmişik. Bundan sonra nə edək? Insanlarımızı post-liberal cəmiyyətin qaydaları ilə ayaqlaşmağa səsləyəkmi?
Bəlkə də səhv edirəm. Məncə, liberal dəyərlərin kökündə təbii hüquqlar dayanır. Qərb ölkələri isə axır vaxtlar insanların təbii məzmunundan uzaq bir yol tutub. Əgər təbiət məsləhət bilsəydi insanları bircinsli yaradardı. Amma o, belə etməyib. Nədən biz təbiətin fundamental prinsiplərinə qarşı getməliyik?
Danışanda “eyni cinsli ailə” deyirlər. Burada adamı çaşdıran da elə “ailə” sözüdür. Belə birlikləri ailə kimi qəbul etmək olarmı?
Ailənin başlıca sosial funksiyası cəmiyyəti uşaqla təmin etməkdir. Belə “ailələr” bu funksiyanı yerinə yetirə bilərmi? Təbii ki, yox. Maraqlıdır ki, belə “ailə”lərə övladlığa uşaq götürməyə icazə verilir. Onlar bu uşaqlara nə tərbiyə verəcək? Yoxsa bu “ailə”lər homoseksualların sayını artırmaqla məşğul olacaq?
Nəsə absurd bir şey alınır. Absurdluğa adət etmişik. Fəqət, o, gündəlik norma və davranış qaydasına, üsuluna çevriləndə artıq dözmək olmur.
Mən bu hadisələri böhran adlandırardım. Bəli, bu, böhrandır, xüsusən də insan münasibətlərinin böhranıdır. Bunun başqa adı yoxdur.
Siyasətəçilərdən bu məsələ ilə bağlı nəsə bir ümid gözləmək əbəsdir. Onları yalnız insanların səsi maraqlandırır. Siyasətçilər insanlara yalnız bir səs daşıyan subyekt kimi baxırlar, düşünürlər ki, elə edək ki, cinsi azlıqların da səsini alaq!..
Hahaq yerə demirlər ki, siyasətçilər çox az hallarda reallığı dəyişməyə çalışırlar, onlar ən yaxşı halda reallığı “nəzərə alır”, onunla hesablaşırlar.
Din institutlarından nəsə gözləmək olardı. Düzdür, deyirlər ki, kilsə belə “nikah”lara etiraz edir. Bəs niyə nəticəsi yoxdur? Bəlkə elə bunu həm də dini dəyərlərin, xüsusən də xristian dəyərlərinin böhranı kimi qəbul etmək lazım gələcək? Bilmirəm.
Yeni Roma papasının canilərin, immun çatışmazlığı xəstəliyinə tutulmuşların ayaqlarından öpməsinə tamaşa edirəm. Mən başa düşürəm, hər bir ruh daşıyıcısı Yaradan üçün əzizdir. Amma cani doğrudan da ayağı öpülməyə layiqdirmi? Nədənsə həmin səhnəyə baxanda iki uşağı çox böyük amansızlıqla, özü də anaları ilə birlikdə qətlə yetirən cani yadıma düşdü. Indi nə edək? Duraq həmin caninin ayaqlarından öpəkmi? Bəlkə durub elə Iudanı da müqəddəsləşdirək? Ona sitayiş edək?..
Bütün bunlara tamamilə və birmənalı etinasızlıqla da yanaşmaq olardı, çünki biz müsəlmanıq, başqa bir dinin daşıyıcılarıyıq. Üstəlik, min şükür ki, biz belə problemlər yaşamırıq. Amma xristian dini də uzaq ada deyil. Onların müqəddəslərinə biz də sayğı ilə yanaşırıq, bəzi dəyərlərini bölüşürük, həm də onlarla bir planetdə yaşayırıq. Indi nə edək? Başqa bir planetə gedəkmi? Etiraf edirik ki, xristian dünyası bir çox məsələlərdə, xüsusən də texnika və elm məsələsində bizdən çox qabaqdadır. Müsəlmanlar da çalışır ki, uşaqlarına xristian ölkələrində təhsil versinlər. Amma təminat varmı ki, ora göndərilən gənclər məhz homoseksualların təsiri altına düşməyəcəklər? Təəssüf ki, belə təminat yoxdur.
Bunları xristinalığa, Qərbə qarşı bir ikrah kimi qəbul etməyin. Bundan çox uzağıq. Ən azı ona görə ki, bayaqdan bəhs etdiyimiz mövzu bəzi qərbliləri də çox narahat edir. Sadəcə, bütün bunlar bir düşüncədir, söhbətləşməkdir ki, görək, bu dünya hara gedir? Onun maddi sonluğu qorxuludur, yoxsa mənəvi?
Kiçik sözardı
Istirahət günü həm də siyasətdən uzaq olmaq günüdür. Baxmayaraq ki, bəzən bir çox hallarda bəzi etirazlar elə istirahət gününə təsadüf edir. Amma mən özüm üçün çoxdan belə bir ənənə yaratmışam ki, istirahət günü oxucuları çox qəliz siyasi məsələlərlə yormayım. Onlarla, sadəcə söhbət edim. Bu yazı da elə belə cəhdlərdən biridir…

Bu sirli dünya hara gedir?
•


