Avropa Azərbaycanlılarının Milli Birlik Şurası hüquq müdafiəçisi Leyla Yunusu bugünlərdə beynəlxalq mükafata layiq görülməsi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
Əziz Leyla xanım,
Avropa Azərbaycanlılarının Milli Birlik Şurası olaraq biz Sizin Teodor Heker adına “Siyasi mərdlik və vicdan” beynəlxalq mükafatına layiq görülməsi xəbərini böyük sevinclə qarşıladıq.
Məlum olduğu kimi Siz bu mükafata korrupsiya, özbaşınalıq, insan hüquqlarının pozulmasına qarşı cəsarətli mübarizəsinə, siyasi məhbusların müdafiəsinə, həmçinin şəxsi təhlükəsizliyini riskə ataraq Sülh və Demokratiya İnstitutunun rəhbəri kimi fəaliyyətinizə görə təltif edilmisiniz. Sizin uğrunda mübarizə apardığınız ideallar Vətənimiz Azərbaycanın xilasına, burada 20 ildən çox hökm sürən avtoritar rejimin qanunsuz əməllərinə qarşı yönəlib. Biz Sizin həyatınızın hər an təhlükədə olduğunu yaxşı dərk edirik. Sizin gecə və gündüz apardığınız müqəddəs mübarizə bizim üçün, o cümlədən hər bir Azərbaycan vətəndaşı üçün böyük nümunədir.
Hörmətli Leyla Xanım,
Biz Sizinlə qurur duyur və Sizə bu çətin və şərəfli mübarizənizdə ilk növbədə sağlamlıq və məqsədə çatma arzu edirik. Qoy Allah Sizi Azərbaycana və xalqımıza çox görməsin.