Nəsimi Rayon Polis Idarəsində AXCP fəalı Dəyanət Babayevin işi üzrə istintaq başa çatıb və iş rayon prokurorluğuna göndərilib. O, xuliqanlıqda ittiham olunur. Istintaqın iddiasına görə, guya noyabrın 7-də axşam D.Babayev Musa Rahimlə birlikdə ictimai asayişi pozan hərəkətlərə yol veriblər. Belə ki, sərxoş vəziyyətdə Tofiq Səlimov adlı vətəndaşı təhqir edib, ona bədən xəsarəti yetiriblər.
AXCP isə bildirir ki, özünü DIN-in əməkdaşı kimi təqdim edən həmin şəxs (Səlimov) fəallara polis bölməsinə getməyi təklif edib. Gənclər ondan xidməti vəsiqəsini tələb etdikdə o qaçıb. Fəallar yaxınlıqdakı polis əməkdaşına bu barədə məlumat veriblər, lakin heç kim onu saxlamayıb. Noyabrın 17-də D.Babayev mitinq zamanı 7 sutkalığa həbs edilib. Bu cəza müddəti bitdikdən sonra polis onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat verib- həmin cinayət üzrə həbs edib. Lakin məhkəmə təqdimatı təmin etməyib və D.Babayevdən şəhərdən çıxmamaq haqqında iltizam alınıb.
Gənc fəal hazırda istintaqın başa çatması və təsdiqlənmək üçün prokurorluğa verilməsi ilə yenidən həbs qətimkan tədbirinin seçilməsi məsələsinin ortaya çıxa biləcəyindən ehtiyatlanır. Onun sözlərinə görə, R.Musayevin işi ayrıca icraata götürülüb. AXCP hesab edir ki, D.Babayev etiraz aksiyalarında fəal iştirakına görə siyasi motivlərlə təqib olunur. Günahı sübuta yetirilərsə, onu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


