Daha bir əsgərimiz həyatdan getdi. Aprelin 11-də özünü hərbi kazarmanın binasından atan Daxili Qoşunların 18 yaşlı əsgəri Fərman Hüseynov hospitalda dünyasını dəyişib. Statistikanı eşələməyin heç mənası yoxdu. Az qala həftədə bir əsgərimiz həlak olur. Adını da intihar qoyurlar. Birinin başına arxadan avtomat bıçağı ilə vurub öldürür, deyirlər özünü avtomatla vurub, intihar eləyib. Qalan hamısı da bunun kimi saysız-hesabsız absurd “intihar”lar. Bu dəfə, görünür, özləri də başa düşüblər ki, bu intihar söhbətlərində artıq şirin çay eləyiblər, ona görə də Daxili Qoşunların Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova “Lent.az”a bildirib ki, hadisənin intihar və ya bədbəxt hadisə olması hələlik məlum deyil və araşdırmalar aparılır. Hətta burada da yalnız iki ehtimal irəli sürülür – intihar və bədbəxt hadisə. Yəni adam ya özünə qəsd edib, ya da ayağı sürüşüb pəncərədən yerə düşüb. Üçüncü ehtimal yoxdu…
Gəlin, bir anlıq qəbul eləyək ki, məsələn, bundan qabaqkı ölüm hadisəsi və bütün bu müəmmalı faciələrin hər biri intihar olub. Əsgər Elman Imanovu da kimsə arxadan vurmayıb, özü ölümün ən acısını və əzablısını seçib, “ştıknoj”la başının arxasından özünə zərbə endirib, dünyasını dəyişib. O biri “intihar”lar da onun kimi. Əvvəla adamda bir fikir yaranır. Azərbaycan ordusunun əsgərləri hamısı psixi cəhətdən çox nataraz durumdadı. Yəni həftədə bir-iki əsgər özünü öldürürsə, bunun başqa nə yozumu var ki? Belə çıxır, bu ordunun çox hissəsi, loru dillə desək, dəlidi. Koroğlunun dəlilərindən yox a, sadəcə zır dəli. Yedikləri yağ-qaymaq, şokoladdı, komandirlərlə ata-bala kimi yaşayırlar, yatmaqları-durmaqları ən yüksək normalardadı, istirahət saatlarının ən maraqlı təşkili var, dedovşina yoxdu, rüşvət yoxdu. Sözün qısası, cənnət! Indi başqa nə qərara gəlmək olar, – cənnətin içində özünə qəsd edənin bir adı var – dəli. Elə təxminən mülki cəmiyyətdə olduğu kimi – dövlət başçısı deyir ki, xalqım cənnətdə yaşayır, ancaq hər gün bu cəmiyyət üzvlərinin intihar, zorakılıq, qətl xəbərləri gəlir. Başa düşmək olmur, adam özünü, ya başqasını cənnətdə niyə öldürsün, özü də ən amansız şəkillərdə?..
Yaxşı, beləliklə, rəsmi açıqlamaların “intihar” versiyasını çək-çevir eləmədən qəbullandıq. Intihar varsa, demək, bunun bir səbəbi də olmalıdı. Deyək ki, səbəb orduda olan yarıtmazlıqlar deyil. Hər şey, az öncə dediyim kimi, super normalar çərçivəsindədi. Onda bu dəlilər necə olub ki, orduya aparılıb? Bunları tibbi komissiyadan keçirmirləmi? Təbii ki, keçirirlər. Ancaq necə? Deyim də.
Dünən bir tanışım danışır ki, bacısı oğlu əsgərlikdən dönüb. Nə üçünsə ultrasəs müayinəsindən keçməli olub. Görüblər ki, bunun böyrəyinin biri yoxmuş. Xidmətdə olarkən bir əməliyyata-zada düşsəydi, yenə də güman eləmək olardı ki, böyrəyinin birini əkişdiriblər. Ama elə bir hadisə olmayıb və komissiya sənədlərində də göstərilir ki, bütün orqanları yerindədi. Bax, belə…
Görünən budur ki, problem heç də hər gün ordu və bütövlükdə cəmiyyətdə qarşımıza çıxan məsələlərdə deyil. Sadəcə, bu rejim istəyərəkmi, istəməyərəkmi bu dövlətin, bu millətin qəsdinə durub. Sabah millətin də intihar etməsi xəbərini oxusam, heç təəccüblənmərəm…

Dəli yığıncağı
•
•