“Yeni Azərbaycan” Fuad Qəhrəmanlının Amerikaya səfərinə kölgə salmaq istədi, amma hakimiyyəti pis vəziyyətə qoydu
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ABŞ-a səfəri hakimiyyəti elə narahat edib ki, iqtidarın nəzarətində olan KIV-lər hələ də bu barədə yazır. Bu sırada xüsusilə YAP-ın orqanı “Yeni Azərbaycan” qəzetini nümunə göstərmək olar. Qəzet səfərin əhəmiyyətini azaltmaqüçün düşük arqumentlər gətirir, amma yazılar əks-effekt verir, hakimiyyət pis vəziyyətə düşür.
Məsələn, “Yeni Azərbaycan” ötən dəfə Fuad Qəhrəmanlının Qarabağ probleminin həlli üçün demokratikləşmənin vacibliyi fikrinə cavab olaraq Gürcüstanı nümünə gətirmişdi. Qəzet Gürcüstanın demokratik ölkə olduğunu, amma Abxaziya və Osetiya probleminin hələ də həllini tapmadığını yazmışdı. Əslində bu cavab həm də Azərbaycanın avtoritar ölkə olmasının etirafı, hakimiyyətin ifşası idi.
Bu dəfə isə “Yeni Azərbaycan” lap gül vurub. Qəzet iddia edib ki, Fuad Qəhrəmanlı ABŞ-da məmurların sıradan köməkçiləri və dəftərxana işçiləri ilə görüşüb. Bəllidir ki, AXCP yetkilisi ABŞ səfəri çərçivəsində bu ölkənin dövlət katibi Con Kerrinin müavinləri Tomas Meliya və Erik Rubinlə görüşüb.
“Yeni Azərbaycan”a görə bu şəxslər Obama administrasiyasının əhəmiyyətsiz fiqurlarıdır. Əvvəla, qəzet bununla ABŞ-ı aşağılamağa cəhd edir. Səbəb bəllidir. Azərbaycan hökuməti ilə Ağ Ev arasında münasibətlər ürəkaçan deyil. Xeyli müddətdir ki, Azərbaycan hakimiyyəti anti-Qərb kampaniyası aparır. Ona görə ki, Qərb hakimiyyəti demokratik islahatlara çağırır.
Qəzet təkcə ABŞ-ı aşağılamağa cəhd etməyib, Ilham Əliyevi də pis vəziyyətə qoyub. Çünki bu “əhəmiyyətsiz fiqurlarla” ölkə başçısı da görüşüb. Tomas Meliya ilə Ilham Əliyevin görüşü 2012-ci il dekabrın 10-da olub. Erik Rubinlə isə 2012-ci il yanvarın 18-də və oktyabrın 13-də. Hər iki görüş iqtidar mətbuatında geniş işıqlandırılıb. Həmin görüşlərdən fotoları da təqdim edirik. Bu fotolar Ilham Əliyevin rəsmi veb-saytından götürülüb.
Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.