ARDNŞ pulu niyə sağa-sola xərcləyir?

Mirvari Qəhrəmanlı: «SOCAR bu işləri dövlət başçısının tapşırığı ilə həyata keçirir»

Məhəmməd Talıblı: «Beynəlxalq təcrübədə neft şirkətləri bu tip fəaliyyətlə məşğul olmur»

ARDNŞ Türkiyədə “Star” qəzetinin xəbər telekanalı 24 TV-ni satın alıb. Bundan öncə “Petkim”i satın alıb və Türkiyədə media sektoruna daxil olmaq üçün “Socar Turkey Medya” adı ilə şirkət qurub.
Xatırladaq ki, bundan əvvəl Monteneqro hökuməti mənzərəli Kotor körfəzi sahilindəki 242 min kvadratmetr ərazini Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) icarəyə verib. SOCAR əraziyə ilk 4 ildə 52 milyon, ümumilikdə isə 8 il ərzində 258 milyon avro sərmayə qoyacaq.
Dövlət Neft Şirkəti ölkədə də stadion və Diaqnostika Mərkəzlərinin tikintisini həyata keçirib.
Dünyanın digər iri neft şirkətləri bir qayda olaraq bu istiqamətdə fəaliyyət qurmur. Bəs ARDNŞ-nin bu addımları nəyə xidmət edir və bunun ölkə iqtisadiyyatına hansı təsirləri var?

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Dövlət Neft Şirkətinin bunu öz arzusu ilə etmədiyini, dövlət başçısının tapşırığı ilə həyata keçirdiyini deyir. Ancaq bununla SOCAR öz funksiyalarından kənara çıxır və daha çox Nazirlər Kabinetinin vəzifəsini yerinə yetirir: “SOCAR baytarlıqdan başqa bütün sahələrdə iş həyata keçirir. Onu da nə vaxtsa edər”.
M.Qəhrəmanlının sözlərinə görə, ölkə vətəndaşları 1994-cü ildən neft pullarının onların həyatlarını dəyişəcəyini gözləyir. Lakin Neft Fonduna daxil olan bu pullar başqa məqsədlər üçün xərclənir. Artıq hasilat aşağı düşüb, neft gəlirləri azalır. ARDNŞ-in üzərinə digər səlahiyyətlərin qoyulması hasilat məsələsini arxa plana keçirib. Dövlət Neft Şirkətinin büdcəsinin şişirdilməsi neft pullarında asılı olan bütün qurumları kritik vəziyyətə sala bilər: “Bütün sahələrdə Neft Fondu büdcəni əvəz etməyə başlayıb. Büdcə Neft Fondundan asılıdır. Bu hal belə davam etsə, ölkədə böhran başlaya bilər. Kasıb təbəqə isə hələ də neft pullarını gözləyir”.

Iqtisadçı-ekspert Məhəmməd Talıblı isə hesab edir ki, ARDNŞ-in həyata keçirdiyi layihələr mərkəzləşdirilmiş büdcə tərəfindən reallaşdırılsaydı, bu, xərclərin qismən də olsa şəffaflığını təmin edərdi. Lakin Dövlət Neft Şirkətinin bu addımları şəffaflığın, hesabatlılığın aşağı səviyyədə olmasına gətirib çıxarıb: “Hesablama Palatası dövlət büdcəsinin xərcləri ilə bağlı hesabatlar hazırlayır. Ancaq ARDNŞ və Neft Fondu ilə bağlı belə hesabatlar yoxdur. Vəsaitləri büdcədən kənarlaşdırıb xərcləmək şübhələr yaradır”.
Ekspertin sözlərinə görə, ARDNŞ-in Ali Neft Məkbəti açması, idman kompleksləri, turizm mərkəzləri tikdirməsi onun statusunun qeyri-müəyyən olması ilə bağlıdır. Dövlət Neft Şirkətinin statusunun müəyyənləşməsinə ehtiyac var. Belə tendensiyalar genişlənərsə, Neft Fondu büdcəyə köçürdüyü 60 faiz vəsaiti, büdcənin investisiya xərclərinin 34 faizini öz öhdəsinə götürə bilər. Bu zaman həm Neft Fondu vəsaitlərinin büdcəyə tranfserti, həm də büdcənin yükü azalar”.
Ekspert beynəlxalq təcrübədə neft şirkətlərinin bu tip fəaliyyətlə məşğul olmadığını da qeyd etdi: “Neft şirkətinin şəffaflığında şübhələr yaradan bu fəalliyyət istiqamətində monitorinqlər sərtləşdirilməlidir. Layihələrin hesabatları sərt şəkildə tələb olunmalıdır. Çünki bu tipli layihələrin həyata keçirilməsi şəffaflıqdan uzaqlaşma və büdcə vəsaitlərinin, netfdən gələn gəlirlərin səmərəsiz xərclənməsidir”.

Fizzə