Ziya Məmmədovun ortağının adı qətl qalmaqalında

ziya memmedovDiaspor rəhbərinin ölümüylə bağlı məhkəmədə nəqliyyat şefinin ortağından sifarişçi kimi danışıldı

Şahid: «İqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan Qulam Ələkbərov adlı şəxs sifariş edib»

Ukrayna Azərbaycanlıları Konqresi Donetsk vilayət şöbəsinin rəhbəri, iş adamı Iqbal Mahmudovun qətlə yetirilməsi ilə bağlı keçirilən məhkəmədə maraqlı məqamlar ortaya çıxıb.
Konqresdən APA-ya verilən məlumata görə, aprelin 10-da keçirilən məhkəmə iclasında 3 şahid dindirilib: “Şahidlərdən biri Kərimov Məhyəddin təqsirləndirilən Zahid Əhmədovun dostu imiş və Iqbalın qətli ilə bağlı ona qarşı cinayət işini qaldırmışdılar. Lakin sonradan bu işə xitam vermişdilər. O məhkəməyə bildirib ki, atəş açılması nəticəsində yaralanan biznesmeni Zahid Əhmədov, Iqbalın cangüdəni, müavini Məhəmməd Əhmədov və Makeyevka şəhərindən olan bir azərbaycanlı ilə maşına qoyub, xəstəxanaya aparıblar. Orada da Mahyəddin Kərimov söz-söhbətlər eşidib ki, guya Iqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan və Ukraynada biznesə malik olan Qulam Ələkbərov adlı bir şəxs sifariş edib. Iqbalın sürücü isə istintaqa verdiyi ifadədə isə bildirib ki, qətlin baş verdiyi Makeyevkada yerləşən “Kaspiy” restoranına yaxınlaşanda başa düşüb ki, Iqbal Mahmudov orada keçirilən Qələbə Günü ilə bağlı tədbirə deyil, məsələləri aydınlaşdırmağa gəlib. Çünki Iqbal bu cür tədbirlərə özünü yox, müavinlərini göndərirdi və bu tədbirdə iştirakı ümumiyyətlə planlaşdırmamışdı. Bu cür fikirləşməyə daha bir səbəbi ondan ibarətdir ki, restoranda toplaşan qonaqların əksəriyyəti Konqresin üzvləri deyildilər və Iqbalın siyasi baxışlarını dəstəkləmirdilər”.

İqbal Mahmudov

Konqresdən əlavə ediblər ki, növbəti məhkəmə iclası aprelin 18-də baş tutacaq. Xatırladaq ki, Iqbal Mahmudov 2012-ci il mayın 9-da qətlə yetirilib. Onun öldürməsində 4 nəfər – Əhmədov Zahid Şıxəlı oğlu, Ağalarov Cavid Zakir oğlu, Qritsay Denis Oleqoviç və Denisov Denis Valentinoviç təqsirli bilinir. Onların hamısı həbs edilib.
“Azadlıq” olaraq onu da qeyd edək ki, xəbərdə adı keçən Qulam Ələkbərov nəqliyyat naziri Ziya Məmmədovun ortağı kimi tanınır. Q.Ələkbərov bir qayda olaraq Z.Məmmədovun tikinti proyektlərini həyata keçirir. Onun sahibi olduğu “A.Q Inşaat” (Akif-Qulam) şirkətinin adı bir müddət əvvəl tikinti fırıldağında hallanırdı. Onların Bakının Rəşid Behbudov küçəsində inşa etdirdikləri binada bir mənzilin bir neçə nəfər satıldığı və bu yolla vətəndaşlara 1,5 milyon
dollar dəyərində zərər vurduqları bildirilirdi.
Mözuya qayıdacağıq.