Elmar Şahtaxtinski tayfa-klan “ziyalı”larının cavabını verdi
Bu günlərdə Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatının sədri Elmar Şahtaxtinskinin ünvanına bir qrup naxçıvanlı adından məktub göndərilib. Məktubda Elmar Şahtaxtinski ABŞ-da fəaliyyəti ilə Şahtaxtinksilər nəslinə ləkə gətirməkdə ittiham olunur.
Şahtaxtinski “Amerikanın Səsi”nə müsahibədə bildirib ki, məktub Azərbaycan hakimiyyətinin sifarişi ilə hazırlanıb və oradakı ittihamlar gülüncdür. “Məktubun elə yazılması indki Azərbaycan hakimiyyətinin keçmiş KQB, DTK metodlarına, bir nəslin adamlarını bir-birinə qarşı çevirməklə ən çirkin bir əmələ əl atmasını göstərir. Gülünc ittihamların heç bir faktiki sübutu yoxdur. Sadəcə olaraq, hökumətin siyasəyinə qarşı buradakı fəaliyyətimizə görə, bizə vətən xaini, ermənipərəst və başqa damğalar vurmaq istəyirlər. Əlbəttə ki, bu, siyasi kələkbazlıqdan başqa bir şey deyil” – deyə AZAD rəhbəri bildirib.
Şahtaxtinski “Naxçıvan ziyalıları”nın məktubuna yazılı cavab verəcəyini qeyd edib və hamıdan əvvəl onlara səslənmək istədiyini bildirib: “Birinci növbədə məktuba imza atan insanlara demək istəyərdim ki, okeanın bu tayında – ABŞ-da vətən düşməni axtarmaqdansa, özlərinin ətrafında hər gün baş verən biabırçılıqlara nəzər yetirsinlər. Oğru hakimiyyətin camaatın sərvətini mənimsəyib, xalqın haqq səsini boğmaqla məşğul olmasına diqqət yetirsinlər. Bu insanların içərisində Naxçıvanın və hətta Azərbaycan Respublikasının Milli Məclisinin deputatları var. Qalanları isə ziyalı adı daşıyırlar, elmlər doktorları, Akademiya üzvləridir. Mənə maraqlıdır ki, bunlar nə vaxtsa hakimiyyətin törətdiyi haqsızlığa, vətəndaşlara verilən işgəncələrə, rüşvətə qarşı səs qaldırıblarmı? Onlar əgər özlərini birinci növbədə azad şəxsiyyət kimi göstərə bilməyiblərsə və Azərbaycanda bu dəqiqə ən çox özbaşınalıq məskəni olan Naxçıvandakı biabırçılıqlara qarşı bir dəfə də olsun camaatın, mətbuatın qarşısında çıxış etməyiblərsə, okeanın bu tayında kiməsə məktub göndərməyə heç bir mənəvi haqları yoxdur”.
AZAD rəhbəri məktubun Azərbaycan və xüsusən də Naxçıvandakı real vəziyyətlə bağlı təmsil etdiyi qurumun fəaliyyətinə “cavab”olduğunu düşünür. Şahtaxtinski məktuba imza atanları Sovet ədəbiyyatının qəhrəmanlarından Pavlik Morozova bənzədib: “Sovet rejimində Pavlik Morozov adlı bir gənci qəhrəman kimi göstərirdilər. Morozovun “igidliyi” ondan ibarət idi ki, atasını bolşevik hökumətinə satmışdı. Bu da həmin metoddur. Burada Şahtaxtinski nəslinin iki nəfərinin adından mənə deyirlər ki, mənim və bizim təşkilatın fəaliyyəti nəslə qara ləkə gətirir. Elə Sovet vaxtı hamıya bəlli oldu ki, Pavlik Morozovun axırı nə ilə qurtardı. Mən bunu imza atanların yadına salmaq istəyərdim. Bundan ibrət dərsi götürsünlər. Bu məktuba imza atmağı əmr verən oğru hakimiyyət, onların gözündə bu gün sınmaz görünə bilər. Ancaq, mən onları əmin edə bilərəm ki, bu hakimiyyətin törətdiyi cinayətlər və onun əlləri, ağzı kimi işləyən insanların etdiklərinin hamızı yazılır, yadda saxlanılır. Bunların hamısının nə vaxtsa cavabı olacaq.
Bir də orada imza atan Şahtaxtinski nəslinin 1-2 nümayəndəsinə demək istəyirəm, nəslin adına əsl qara ləkəni gətirən bu hakimiyyətə nökərlik etməkdir. Əgər, onlar öz məktublarında Şahtaxtinskilər haqqında yazdıqlarını, bilmirəm özləri yazıblar, ya yazıb onlara imza atdırıblar, bir az diqqətlə oxusalar, görərlər ki, onların fəxr etdikləri bütün bu şəxsiyyətlər vaxtilə imperiyaya qarşı durublar, hakimiyyətin haqsızlığına qarşı çıxıblar və öz xalqını qoruyublar. Ona görə, mən bu insanları düz yola gəlib, xalqın mənafeyini, Əliyev hakimiyyətini yox, əsl dövlət mənafeyini müdafiə etməyə çağırıram”.