Natiq Kərimov: “O dağlı qızıdı, sözü kişi kimi üzə deyir”
Martın 31–də narkotik ittihamı ilə şərlənərək həbs olunan ilahiyyatçı alim Tale Bağırzadəyə qarşı yeni ittiham irəli sürülməsi haqda məlumat vermişdik. Belə ki, onu xalq artisti Zeynəb Xanlarovanın Nardarandakı bağ evini yandırtmaq istəməkdə günahlandırırlar. Zeynəb Xanlarova isə “Azadlıq”a açıqlamasında bu hadisədən hiddətləndiyini ifadə etmişdi. “Kimi tutmaq istəyirsiniz kişi kimi, öz adınızla tutun, mənim adımı bu işə qatmayın. Mənim Nardaranlılara böyük hörmətim var, cəhənnəm olsun bağ. Bu hadisə məni çox narahat etdi” – deyə Zeynəb Xanlarova bildirmişdi.
Zeynəb Xanlarovanın fikrlərinə Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov münasibət bildirib: “Əvvəla Nardaran dindar kənddir. Burada insanların xüsusi mülkiyyətinə hörmətlə yanaşırlar. Tale Bağırzadyə qarşı irəli sürülən ittihamların əsassız olduğunu hər kəs bilir. Bu gülməşəkər hakimiyyət şər kampaniyasını da peşəkarcasına həyata keçirə bilmir. Biz düşmənin də mülkiyyətinə xələl yetirmərik.
Zeynəb Xanlarovanın 50 ildir Nardaranda bağı var. Nardaranlılar ona böyük hörmət bəsləyir. Həm millət vəkili kimi, həm xalq artisti kimi həmişə başqalarından fərqlənib. O dağlı qızıdı. Dağlılar da sözü kişi kimi üzə deyir. Biz Zeynəb xanımın bu açıqlamasını çox yüksək qiymətləndiririk. İnşallah, haqq-ədalət öz yerini tapacaq”.
azadliq.info


