Zeynəb Xanlarovadan yeni açıqlama və DİN-dən cavab

Xalq artisti: “Heç kim mənim evimi yandırmaq istəməyib”

DİN rəsmisi: “Söhbət Zeynəb xanım adının hallandırılmasından getmir”

Xalq artisti, millət vəkili Zeynəb Xanlarova həbs edilən ilahiyyatçı Tale Bağırovun həm də onun bağ evini yandırtmaq istəməkdə ittiham olunmasına təkrar münasibət bildirib. Ötən gün “Azadlıq” qəzetinə geniş açıqlama verərək, adının bu məsələdə hallanmasına sərt etiraz edən xalq artisti bu dəfə “ans press”ə danışıb. “Heç kim mənim evimi yandırmaq istəməyib. Sadəcə etiraz aksiyası zamanı mənim bağ evimin yerləşdiyi küçədən keçəndə yandırıcı maye olan şüşələr atılıb və onlardan biri də mənim bağıma düşüb. Mənim kimi başqa qonşuların da həyətinə düşüb onlardan. Evin çöl divarlarında bir-iki zədə yeri var, vəssalam. Heç kim məqsədli şəkildə bu işi görməyib”, – deyə Z.Xanlarova bildirib.
Xalq artisti məsələ ilə bağlı həbs edilənləri tanımadığını da qeyd edib: “Mən nə Taleh Bağırovu, nə də o biri həbs edilənləri tanıyıram. O şəxslər mənim evimi yandırmaq istəsəydilər ən azından həyətə girərdilər. Onlar mənim darvazamın qapısından içəri keçməyiblər. Mitinq zamanı nələrdən istifadə ediblər, onu da deyə bilmərəm. Ümumiyyətlə inanmıram ki, Taleh Bağırov mənim bağ evimi yandırmaq səviyyədə insan olsun”.

***

Zeynəb xanımın etirazına Daxili İşlər Nazirliyindən cavab verilib. Nazirliyin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov “Trend”ə bildirib ki, aprelin 2-də saat 01.35 radələrində xalq artisti Zeynəb Xanlarovanın Nardaran qəsəbəsindəki 1104 saylı bağ evinin gözətçisi Rzalı Soltanov “102” Xidmətinə zəng edərək saat 01.20 radələrində naməlum şəxslərin bağ evinin qarşısında avtomat silahdan atəş açaraq, yandırmaq məqsədilə həyətə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atmaları barədə məlumat verib. Məlumat operativ şəkildə Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə ötürülüb, idarənin və adıçəkilən bölmənin əməkdaşlarından ibarət qrup dərhal hadisə yerinə gəlib, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Həmin gün səhər hörmətli Zeynəb xanım daxili işlər naziri, general-polkovnik Ramil Usubovla telefon əlaqəsi yaradaraq baş vermiş hadisədən narahatlığını bildirib, cinayətin qısa bir zamanda açılması və bu əməli törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaları üçün müvafiq tədbirlərin görülməsini, məsələnin diqqətdə saxlanılmasını xahiş edib.
DİN rəsmisi Z.Xanlarovanın məsələyə münasibətini humanizm nümunəsi kimi qiymətləndirərək deyib: “Humanizm ümumbəşəri bir dəyər olmaqla, bizim xalımızın da milli mentalitetinə xas olan nəcib xüsusiyyətdir. Vətəndaşlarımıza ən böyük humanistliyi isə dövlətimizin başçısı göstərib və göstərməkdə davam edir. Hər hansı hüquq pozuntusunun yaxud cinayətin açılması, onu törədənlərin tapılıb-tutulması və məsuliyyətə cəlb olunması qanunvericiliklə birbaşa polisin və digər hüquq-mühafizə orqanlarının üzərinə qoyulub. Ona görə də burada söhbət heç bir halda Zeynəb xanım Xanlarovanın adının hallandırılmasından deyil, törədilmiş konkret cinayətlərə görə cəzanın labüdlüyü prinsipinin həyata keçirilməsindən və məsələyə hüquqi qiymət verilməsindən gedir”.