Hakimiyyətdəkilər nə təklif edir bizə? Köçüb gedək Vircin adalarına? Bəlkə burada hökumətin bağladığı, əngəllədiyi, qeydə almadığı, tanımaq istəmədiyi qurumları Vircin adalarında qeydiyyatdan keçirək? Cəmiyyəti ciddi şəkildə maraqlandıran mövzularda açıq mühazirə və müzakirələr təşkil edən və hətta heç vaxt siyasətə qarışmayan Azad Fikir Universitetini bağlamaq yalnız bu cür suallar doğura bilər. Başa düşürük, kölgənizdən də qorxursunuz. Amma Hacıbala müəllim demişkən, əmin olun ki, bu hərəkətlər təhlükə saydığınız narazılığı daha da gücləndirir.
Çünki indi hər kəs özünə sual edir. “Xarici qurumlarla əlaqəli” damğası ilə burada insanlara, QHT-lərə, ictimai təşkilatlara əngəllər yaradılırsa, Vircin adalarında qeydiyyatdan keçmiş şirkətlər niyə bizim ölkədə ən böyük tenderləri udur, meydan sulayırlar? Xaric pisdirsə, niyə Əliyevlər ailəsi, yüksək çinli məmurların çoxu şirkətlərini xaricdə qeydiyyatdan keçirirlər? Nə məsələdir?
NIDA-nı, nə bilim Nöqtəni müvəqqəti olaraq susdurmaq da olar, amma sualları kimsə susdura bilmir. Çünki suallar təkcə hakimiyyətlərə yönəlmir ki, onları səsləndirənlərin ağzını qapayasan. Başa düşmürsünüz, adamlar sualları artıq özlərinə verməyə başlayıb. Sual edib düşünürlər: məgər biz belə yaşamalıyıq? Bizi sevən hökumət belə olur? Azərbaycanı sevənlər onun sərvətlərini oğurlaya bilər? Biz də başqaları kimi yaxşı yaşamağa layiq deyilik? Vircin adalarına məhəbbət haradandır? Bizi idarə edənlər bizneslə məşğul olmalıdırmı? Olurlarsa, həm də çox böyük uğur qazanırlarsa, bunun sirri nədir və s…
Insanın özünə verdiyi suallar onun ürəyini, düşüncəsini, arzusunu, hisslərini elə dəyişir ki, ucadan səsləndirilən suallar bunun yanında heç nədir. Bizim ölkədə də insanlar artıq özlərinə sual verməyə başlayıblar!
…Bu ölkənin gənci bizneslə məşğul ola bilməz. Siyasətlə də məşğul ola bilməz. Onda nə etməlidir? Onun Azad Fikir Universitetinin mühazirələrində də yeri yoxdursa, deməli, qəlbini Iranın, Səudiyyənin və hətta Rusiyanın təbliğatına verməlidir. Onların təbiğatı cənnət və ya başqa bir şey vəd edir, siz nə vəd edirsiniz bəs? Yəqin anlaya bilməmişik, hər bir vətəndaşa müqəddəs Ursulanın xətircəmliyi üçün onun adını daşıyan Vircin adalarında bank hesabı vəd edirsiniz.
YAP-ın gənc əlavələri isə vəd gözləmir. Dünən “elitar.az” saytında jurnalist Elmin Bədəlovun maraqlı bir araşdırmasını oxudum. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidməti “Irəli” Ictimai Birliyinəÿ45722 manatÿayırıb. Bilirsinizmi nəyə? Gənclər arasında sığorta ilə bağlı maarifləndirmə aparmaq üçün.
Bu əslində o deməkdir ki, YAP-ın ətrafındakı gəncləri orada saxlayan aldıqları pullardır, rüşvətdir, rüşvət imkanı verən işlərə təyin olunmaq imkanıdır. Onlar da öz balaca offşorlarını qurmaq istəyirlər. Onların ən böyük arzusu elə budur. Ona görə “Irəli”dədilər.
AFU-nun dinləyiciləri isə həmişə azad fikir dalınca qaçanlardır. Bu ictimai təsisat sözün geniş anlamında bir universitet deyil, yəni ali təhsil vermir, yalnız açıq mühazirə və dinləmələr təşkil edir. Amma rüşvətin olmadığı, tapşırığın keçmədiyi, imtahanın pulla verilmədiyi, yaltaqlığın olmadığı yeganə “Universitet” adlı qurumdur. YAP-ın siyasəti sayəsində isə digər universitetlərin rektorları oliqarx olublar, yəqin ki, hamısının öz offşorları var. Sanki bunlar “Mercedes” buraxırlar, ya da “Azersun”un qənd-yağının satışı ilə məşğul olurlar.

Azad Offşor Universiteti
•