Belə məqamlarda deyirlər: “Bıçaq sümüyə dirənib”. Yəni bundan o yanası yoxdu. Artıq hakimiyyət öz mahiyyətini tam olaraq göstərməyə başlayıb. Imitasiya-filan da başa çatıb. Əqrəb əqrəb olaraq qalır. O, xislətini bir qədər gizlədə bilər. Lakin bu, uzun sürməz. Çünki onun bioloji mövcudluğu sancaraq zəhərləməsindədi. Sancılanlar üçün çox gecdi. Sancılandan sonra əqrəbin öz zatına dönük çıxmayacağını anlamaq cahillərin işidi.
Xislət üzə çıxanda artıq bütün dəyərlər yaddan çıxır. Elə bir dəyər yoxdu ki, o, xisləti arxa plana keçirə bilə. Bütün antidemokratik rejimlərdə əqrəb xüsusiyyəti var.
Əqrəb çayı keçmək üçün qurbağaya yalvarır, göz yaşı tökür, yazıqlanır. Ancaq çayın ortasında zatıqırıqlığı işə düşür, sancır. Zamanında dünyanın Amerika, Böyük Britaniya kimi dövlətləri və onların iri şirkətləri qurbağa yerinə qoyuldu və hakimiyət ələ alındı. Indi durum çayın ortasındakı durumdu. Azərbaycandakı avtoritar, diktatura meylli rejim iç üzünü açıb – Amerikanı (sanca-sanca da yalvarır), Ingiltərə, Rusiya, Iranı bir-bir sancır. Amerikanın, Ingiltərənin radioları Fm dalğasından yığışdırılır, MDI-yə qarşı hücumları başlanılır, bağlanmasına hazırlıq gedir, AFU bağlanılır; dindarlar narkotik ittihamıyla həbsə atılır, gənc fəallar bir-bir saxlanılır, haqlarında həbs-qətimkan tədbiri seçilir. Şəhid anaları yerlə sürüdülür; istiqlalçı deputat qohumunun yasına gedir, oğurlanır, işgəncə görür, döyülür, hədə-qorxu gəlinir, ərazidən dərhal çıxmaq tələb olunur; hələ yenicə yaranmış bir qurum (EL) ofisindən atılır; siyasi xadimlərin bölgələrə səfərləri yasaqlanır, sanki onların bu ölkədə Bakıdan kənara çıxmaq hüququ yoxdu və s.
Öz mövcudluğunu qorxu və hiylə (hiylə də bir yerə qədərdi) üstündə quran bir hakimiyyət müəyyən vaxtdan sonra hiylədən belə əl çəkir, çəkməyə məcbur qalır. Hiylə nə idi? Dünya güclərinin arasında təməlli olmayan siyasət əsasında oynamaq, maskalanmaq, rəngini dəyişmək, hamıya onunla müttəfiq olduğunu demək – onlarla sevgi oyunu oynamaq. Ancaq olmur. Axı eyni anda hər kəslə müttəfiq olmaq mümkün deyil. Xalqla müttəfiqlik, ümumiyyətlə, heç vaxt mövzu olmayıb. Xalq bir kərə əqrəbi belinə alıb və elə o qalan çayın ortasında qalıb. Iflic vəziyyətində. Hər kəsi çalırlar. Heç kəsə aman yoxdu. Xalqdan tutmuş, dostdan-düşməndən tutmuş hər kəsə qədər. Lakin anlamırlar ki, bu zaman çayının ortasındaca hamını çalmaq üzmək bilməyən bir varlıq üçün necə qorxuludu.
Daha qorxuda da bilmirlər. Qorxuda bilmədikcə qorxmağa başlayırlar. Qorxduqca azğınlaşırlar. Azğınlaşdıqca olan-qalan ağıllarını da itirirlər.
Gülüncdü. Dünyada öz qüdrətinə görə analoqu olmadığı söylənən bir dövlət bir kitabdan qorxur – “Daş yuxular”; xalqdan oğurladıqları milyardlar və hakimiyyətlə dünya mətbuatının gündəmindən düşməyənlər uydurma 2 milyondan qorxur – Feysbuk inqilabı-filan; Nefti və qazı ilə dünyanı özündən asılı vəziyyətə saldıqlarını düşünərkən hansısa “molotov kokteyli”ndən qorxurlar. Baxmayaraq ki, o şüşələrin o gənclərə heç bir aidiyyəti yoxdu. Yaxşı, onda öz doldurduğun şüşədən niyə qorxursan? Yenə gənclərin işi olsaydı, düşünərdik ki, onları narahat edən o şüşədəki neftdi, axı bu ölkənin nefti qramınacan şəriksiz olaraq onlarındı…
Indi hər kəs, hər şey gözlərinə cin-şeytan kimi görünür. Özləri kokteyl düzəldir, uşaqların adına yazır, sonra da ondan qorxmağa başlayırlar. Bəlkə indi öz kölgələrindən də qorxurlar. Qorxduqca daha çox sıxırlar. Sıxdıqca əks-effekt alınır, təzyiq daha da artır. Təzyiqi çox yüksək olan su xortumunun əldən necə çıxmasını, yaralı ilan kimi necə qıvrılmasını, hətta zərblə adamın təpəsinə çırpılmasını görən olubmu? Dəhşətli mənzərədi. Adamı əqrəb kimi çalır.
Yeri gəlmişkən, aparılan elmi araşdırmalar göstərir ki, əqrəb qədər ehtiraslı heyvan yoxdu. Sevişmədən sonra o qədər güclü ehtiras gəlir ki, dişi əqrəb basıb erkəyi yeyir. Dünya gücləri ilə sevgi-sevgi oyununun da sonu belə bitir çox vaxt. Axı onlar da əqrəbdi…

Əqrəblərin sevgi oyunu
•
•