İbrahim İbrahimlidən Naxçıvan DİN-ə sərt cavab

«Bu açıqlama bir daha hadisəni hakimiyyət orqanlarının təşkil etdiyini təsdiqləyir»

Naxçıvan MR Daxili Işlər Nazirliyi (DIN) Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimlinin döyülməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Ibrahim Ibrahimlinin Babək rayonunun Tumbul kəndində qohumunun yas mərasimində özlərini DIN əməkdaşları kimi təqdim edən şəxslərin saxlayaraq fiziki təzyiqlər göstərməsi və təhqir etməsi barədə səsləndirdiyi ittihamlar əsassızdır.
Açıqlamada bildirilir: “Hadisənin ilkin araşdırılması zamanı məlum olub ki, Ibrahim Ibrahimli 6 aprel 2013-cü il tarixdə Babək rayonunun Tumbul kəndində qohumunun yas mərasimində olarkən saxta ”xalq diplomatiyası” haqqında söhbətlər aparıb, orada iştirak edən sakinlərə ermənilərlə qeyd-şərtsiz barışıq içində yaşamağın lazım olduğunu təbliğ etməyə çalışıb. Bu iddiaların davamı olaraq o, xalq tərəfindən ciddi qınaq obyekti olan yazıçı Əkrəm Naibovu və onun “Daş yuxular” adlı romanının ideya xəttini müdafiə edib, bu isə son nəticədə həmin yas mərasimində iştirak edən yaşlı ağsaqqalların, gənclərin və yas mərasimini aparan şəxsin hiddətinə səbəb olub. Yas mərasimini idarə edən din xadimi Ibrahim Ibrahimliyə dini inanclarımıza əsaslanaraq vətənə, xalqa qarşı böhtan atmanın, düşmən milləti öz millətindən üstün tutmanın düzgün olmadığını izah edib, Həzrəti Peyğəmbərin “öz xalqından üz döndərib başqa xalqa tapınanlar axmaqların axmağı, yolunu azmışların böyüyüdür”, “Vətəni sevmək imandandır” kəlamlarını misal çəksə də, Ibrahim Ibrahimli bunlara məhəl qoymayaraq öz fikirlərində israr edib. Bundan sonra yaşlı nəslin bir neçə nümayəndəsi tərəfindən ondan yas mərasimini tərk etməsi tələb olunub. Yaranmış vəziyyətlə əlaqədar yas mərasimini tərk etməyə məcbur olan I.Ibrahimli kəndi tərk edərkən sakinlərlə təkrar mübahisəyə başlayıb, onu müşayiət edən qohumları ilə birlikdə gənclərə qarşı təhqirlər səsləndirməsi isə dava-dalaşla nəticələnib.
Ibrahim Ibrahimlinin qeyd olunan hadisənin dərhal araşdırılması üçün Naxçıvan MR Daxili Işlər Nazirliyinə müraciət etmək əvəzinə, nazirlik və digər dövlət orqanlarına qarşı əsassız ittihamlar irəli sürməsi onun Muxtar Respublikaya əslində hansı çirkin niyyətlərlə gəlməsinin əyani sübutudur. Naxçıvan MR Daxili Işlər Nazirliyi onun bu kimi əsassız ittihamlarını ucuz siyasi dividendlər qazanmaq cəhdi kimi qiymətləndirir və bildirir ki, Ibrahim Ibrahimli müraciət edəcəyi təqdirdə, hadisə istintaq yolu ilə araşdırıla bilər”.
Qeyd edək ki, Ibrahim Ibrahimli aprelin 6-da Naxçıvanda özlərini polisin və MTN-in əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən oğurlandığını, başına torba keçirilərək Duzdağ deyilən yerə aparıldığını və döyülərək təhqir olunduğunu bildirib.
Naxçıvan polisinin Ibrahim Ibrahimlinin ittiham olunmasından ibarət bu açıqlaması daha çox zərərəçəkənin günahkar çıxarılmasına yönəlib.
Cavan yaşında dünyasını dəyişmiş qohumunun yas mərasimində Ibrahim Ibrahimlinin siyasi söhbətlər etməsi və buna görə də məclisdən qovulması inandırıcı görsənmir. Digər tərəfdən, Əkrəm Əylislini tənqid edən bir şəxsi onun əsərini müdafiə etməkdə günahlandırmaq heç bir məntiqə sığmır. Bütün bunlar bir daha Ibrahim Ibrahimliyə qarşı törədilən bu hərəkətin düşünülmüş bir addım olduğunu və əvvəlcədən hazırlandığını göstərir.
Naxçıvan polisinin bəyanatına münasibət bildirən I.Ibrahimlinin sözlərinə görə, bu açıqlama bir daha hadisəni hakimiyyət orqanlarının təşkil etdiyini təsdiqləyir. “Naxçıvan DIN mətbuat xidmətinin bu açıqlaması gerçəkdən mənimlə bağlı xüsusi bir əməliyyatın hazırlanmasından xəbər verir. Açıqlamada səsləndirilən ittihamlar da həmin əməliyyatın cəfəng, yalanla ”əsaslandırılmasından” ibarətdir. Mənim cavan, canım-ciyərim bacım oğlu rəhmətə gedib, belə ağır faciəvi yas mərasimində hansı məntiqlə dayı cavan bacısı oğlunun ölümünə ağlamaq əvəzinə başqa mövzulardan danışa bilər? Bu qədər ağır dərdin altında mətləbə dəxli olmayan, yas mərasiminə aid olmayan məsələlərdən necə danışmaq olar? Belə faciəvi yas mərasiminə Əkrəm Əylislinin “Daş yuxular” əsərinin nə dəxli var? Hətta mən yox, istənilən bir adam cavan bacısı oğlunun yasında mətləbə dəxli olmayan bu məsələlərdən necə danışa bilər? Ağır dərd içində, o ölümü sinirə bilməyən adamın belə şeyləri danışması qeyri-mümkündür”.

Fizzə