«Bu tərbiyəsiz hucumların tam məsuliyyətini prezidenti olaraq, Siz daşıyırsınız»
Sabiq müdafiə naziri Rəhim Qazıyev növbəti dəfə ölkə başçısı Ilham Əliyevə açıq məktub yazıb. Məktubu təqdim edirik:
“Əzizim Adelina” deyə müraciət elədiyiniz erməni qızı…
“Vətəndaş Prezident!
Mən 16.03.2013 tarixində şəxsi imzamla, həm poçt, həm də KIV vasitəsilə Sizə açıq məktub ünvanlamışdım. Hesab edirdim ki, ölkəmizdə baş verən, Sizin özünüzün də keçirdiyiniz müşavirələrdə etiraf etdiyiniz çoxsaylı problemlərdən çox az bir qismini qeyd etdiyim həmin məktubuma şəxsən Siz özünüz, ya da Sizin göstərişinizlə ətrafınızdakı səlahiyyət sahiblərindən kimsə cavab yazacaq. Buna həm də, yaşımın bu çağlarında mənə, heç olmasa, “Əzizim Adelina” deyə müraciət elədiyiniz Xankəndi sakini olan 12 yaşlı erməni qızı qədər diqqət ayıra biləcəyinizə görə ümid edirdim.
Lakin heç vaxt, hətta düşünə də bilməzdim ki, ölkə prezidentinə şəxsi imzamla yazdığım məktuba görə , qeyri-insani şəkildə mən, 70 yaşlı vətəndaş olmağıma rəğmən, pələng cüssəli, üzləri maskalı quldurlar tərəfindən, başıma torba keçirilərək, oğurlanıb, aparılacağam. Və aparıldığım, bu gün də rəsmi adı mənə bəlli olamayan xüsusi xidmət orqanlarında, yazdığım həmin məktub üçün, yaxşı iş görmədiyim “mədəni” şəkildə mənə xatırladılacaq və üstəlik də, ailəmin, doğmalarımın, övladlarımın, nəvələrimin olması eyhamla mənə andırılacaq!(?)
Vətəndaş Prezident!
Bütün bunlar da yetmirmiş kimi, məktubuma Sizdən cavab gözlədiyim günlərdə, YAP partiyasının rəhbərliyində təmsil olunan şəxslər, parlament deputatları kimi təqdim edilən S.Novruzovlar, E.Hüseynovlar və Bayram Səfərovlar tərəfindən canicə ağır təhqirlərə məruz qalacağımı, hətta açıq cinayət çağrışlarından çəkinmədən, ictimaiyyətin evimi yandırmağa, məni daş-qalaq etməyə təhrik ediləcəyini, vətəndaşlıqdan məhrum edilməyimə qədər qədər həyasız çıxışlara üzləşəcəyimi heç ağlıma da gətirmirdim. “Anası durmuşkən, xalasının ürəyi getdi” misalı, Sizə şəxsi sədaqətlərini nümayiş etdirmək üçün növbəyə duran, zəhmətkeş məktubları yazaraq yaxalarını yırtan bu əmilərin, xalaların, mənə ünvanlanmış əxlaqdan, mənəviyyatdan uzaq sərsəmləmələrində, cızma-qaralarında, heç olmasa, görüntü xatirinə də olsa belə, ünvanınıza yazdığım 16.03.2013 tarixli məktubumdan bir cümləyə deyil, bircə sözə belə istinad yoxdur.
Rəzalətlərlə dolu bir tamaşa günü bu gün də davam etməkdədi
Vətəndaş Prezident!
Bütün bu deyilənləri nəzərə alaraq, növbəti məktubu Sizə yazmağa məcburam.
Əmin olun ki, bu sətirləri Sizə yazdığım zamanda belə, qətiyyən inana bilmirəm ki, məktubuma görə başıma gətirilən qeyri-insani, qeyri-qanuni və konstitusion vətəndaş haqlarıma açıq qəsd və cinayətkarcasına təcavüz xarakterli əməllərin arxasında Siz durursunuz, həmin əməllərin mənə qarşı törədilməsinə dair komanda Sizdən gəlib. Çox səmimiyyətlə qeyd edirəm ki, yazdığım məktuba görə başıma gətirilən bu qeyri-insani əməllərin Sizin göstərişinizlə həyata keçirildiyinə qətiyyən özümü inanadıra bilmirəm.
Bununla belə, olanlar olub və artıq səhnəyə çıxarılan, iyrənclik və rəzalətlərlə dolu bir tamaşa günü bu gün də davam etməkdədi. Bu iyrənc tamaşanın gedişindən hələlik iki mümkün versiya və ya variantın ola biləcəyi ortaya çıxır.
Birincisi, həmin hadisələr Sizin ətrafınıza yığılan və bu seçki ilində Sizə zərbə vurmaq istəyən hər hansı qrupun qəsdən törətdiyi əməllərdir.
Ikincisi, hər halda, bunu da düşünməyə haqqım var ki, bütün bu hadisələr Sizin göstərişinizlə olub və davam edir. Ən azı ona görə ki, mənim başıma açılan bu oyunlardan, ünvanıma səsləndirilən və yazılan açıq hədə-qorxulardan, özündə Cinayət Məcəlləsinin konkret maddələrini ehtiva edən “evimi yandırmaq”, “daş-qalaq etmək”, “it kimi güllələmək”, “it kimi sürümək” və sair kimi cinayətkar, tərbiyəsiz və həyasız çağırışlardan sonra prokurorluq və digər hüquq-mühafizə orqanlarından heç bir adekvat reaksiya olmadı.
İçdiyiniz anda sadiqliyinizi cəmiyyət qarşısında sübuta yetirin
Vətəndaş Ilham Əliyev!
Yuxarıda qeyd etdiyim hər iki halda, vətəndaşa – konkret olaraq mənə, Sizə məktub yazdığım üçün, törədilən bu qeyri-qanuni əməllərin, tərbiyəsiz hucumların tam məsuliyyətini ölkə prezidenti olaraq, müqəddəs Qurani Kərimə əl basmaqla and içən Siz daşıyırsınız.
Siz Qurana and içərək Respublika Konsitutiyasının və ölkə vətəndaşlarının konstitusion hüquqlarının, təhlükəsizliyinin qarantı olacağınıza and içmisiniz. Bu məktubu Sizə yazmaqda məqsədim odur ki, birincisi, mənim başıma gətirilən qeyri-qanuni əməllərdə bilavasitə günahkar olan məmurların, qanunun aililiyi rəhbər tutularaq, cəzalandırılmasını təmin etməklə, içdiyiniz anda sadiqliyinizi cəmiyyət qarşısında sübuta yetirəsiniz. Bu, həm də Sizin bu olaylarla nə qədər ilgili olub-olmadığınızın sübutu olacaq.
Ikincisi, “evimin yandırılması, daş-qalaq edilməyim və sair” kimi çağırışlar etməklə, məni ağır və çox ağır, hətta dövləti cinayətlər törətməkdə əttiham etməklə, gizlədilməsi mümkün olmayan konkret cinayət əməli törətmiş şəxsləri, həmin cinayət xarakterli çağırışları, KIV haqqında qanunu kobudcasına pozaraq, çap edən mətbu və informasiya orqanlarının sahiblərinin qanun əsasında məsuliyyətə alınmaları üçün müvafiq göstərişlər verəsiniz.
Məcburam ki, ətrafımda baş verənlərə şəxsən rəhbərlik etdiyinizi düşünüm
Vətəndaş Prezident!
Mən Sizə məktub yazıb altından şəxsi imzamı ataraq, ünvanınıza göndərmişəm. Bu əməlimlə ölkədə qüvvədə olan qanunların heç birini pozmamışam. Bəs, Sizin tez-tez qürurla təkrar etdiyiniz analoqu olmayan demokratik, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyən Respublikamızda, ölkə Prezidentinə yazdığım məktub üçün mən niyə hədələnirəm, təhqir olunuram, heç zaman törətmədiyim, törətməyi düşünmək belə istəmədiyim ağır və çox ağır cinayətlərdə ittiham olunuram? Vətəndaş Prezident!
Son günlərdə yaşanan yeni rəzalət isə, bütün hallarda, olub-bitənlərin birbaşa tərəfinizdən tərtiblənərək həyata keçirildiyinə daha çox ehtimal verməyə sövq edir. Məşhur “aktyor” Təhmasib Novruzovun baş rolda oynadığı bu biabırçı tamaşanın rəzalət dolu ssenarisini yazanlar və belə bir rəzilliyə o qədər insanları cəlb edə bilmək üçün, şəxsən Sizdən təlimat alınması gərəkdir. Yoxsa kim bu boyda rəzalətə imza ata və bu tamaşanı açıq səhnəyə çıxara bilərdi ki? Bunun əksini düşünmək və dilə gətirmək isə, Sizin bir prezident olaraq var olub-olmamanızı şübhə altına alır ki, o zaman vay bu millətin halına. Amma Siz varsınız və dəfələrlə də ölkədə nələrin baş verdiyindən birər-birər xəbərdar olduğunuzu da bəyan edibsiniz. Oysa, mən də məcburam ki, Sizə yazdığım məktubdan sonra ətrafımda baş verənlərdən də xəbərdar olduğunuzu və hətta prosesə şəxsən rəhbərlik etdiyinizi düşünüm. Əks təqdirdə rəzalətin bu qədərinə, qanunsuzluğun bir beləsinə, təməl insan haqlarına və Sizin qarantı olduğunuz konstitusion huquqlara bu boyda təcavüzə kimsə cəsarət etməməliydi, edə bilməzdi.
Məni haqq yoldan döndərmək qeyri-mümkündür
Vətəndaş Prezident!
Bu yerdə zəmanəsinin böyük fikir adamı olan Bəhlul Dənəndədən tarixə miras qalmış bir rəvayət yadıma düşdü və onu Sizə də xatırlatmağı özümə borc bildim.
Günlərin bir günündə, Bəhlul Danəndə səhər evdən çıxır və yolda rastlaşdığı, dükanda-bazarda qarşılaşdığı hər kəsə “Xəlifə neçə gündür ki, ölüb, amma saraydakılar bunu xalqdan gizlədillər” deyir. Bir neçə saatdan sonra bütün şəhər əhli təlaş və həyəcan içərisində sarayın qarşısında toplaşaraq Xəlifədən xəbər tutmaq istiyirlər. Bu arada söhbət Xəlifə Harun Ər-Rəşidə də çatır. Məsələdən hali olan kimi, əmr edib qardaşını saraya gətizdirən Harun Ər Rəşid, Bəhlul Dəhəndədən “Mənim sağ olduğumu bilə-bilə, qardaşının ölüm xəbərini yaymaqda məqsədin nədir?” deyə soruşur. Heç halını pozmayan Bəhlul deyir: “Vallah mən kimsəyə qardaşım Harun Ər-Rəşidin öldüyündən danışmamışam, Xəlifənin öldüyünü demişəm”. Qəzəbini zorla boğan Harun, təzədən döşünə döyüb: “Bax, indi gördün ki, Xəlifə sağ-salamatdır, çıx camaata, məni gördüyünü söylə və de ki, bu xəbəri yaymaqla zarafat eləmisən”. Bu dəfə də halını pozmayan Bəhlul qardaşına bir sual verir: “Əgər Xəlifə ölməyibsə və sağlıq durumu da yerindədisə, o zaman məmləkət niyə bu gündədir?”
Yalnız bundan sonra qardaşının nə demək istədiyini anlayan Harun Ər-Rəşid, növbəti dəfə Bəhlul Danəndənin məntiqi qarşısında geri çəkilərək, camaatın qabağına çıxıb daha adil Xəlifə olacağına söz verir.
Vətəndaş Ilham Əliyev!
Mənim 70 yaşım var. Çox enişli-yoxuşlu, lakin kimsənin malına əl uzatmadan, vicdanımla alver etmədən, layiqli bir ömür yaşamışam və Uca Allahdan ölüm hökmü gələnə kimi də belə yaşamaqda davam edəcəyəm. Doğmalarımı, ailəmi, övladlarımı, nəvələrimi hədələməklə məni qorxudub, getdiyim bu haqq yoldan döndərmək qeyri-mümkündür.
Vətəndaş prezident Ilham Əliyev!
Bu məktubuma şəxsən Sizdən cavab alacağıma və heç deyilsə, Sizin “Əzizim Adelina” qədər, diqqətinizi cəlb edə biləcəyimə inanmaq istərdim.