Tanınmış vəkil Vəkillər Kollegiyasına çağırıldı
Vəkil Aslan İsmayılovu Vəkillər Kollegiyasının intizam komissiyasına dəvət ediblər. Səbəb isə Sabayel rayon məhkəməsinin hakimi Elnur Həsənovun onunla bağlı müraciət etməsidir.
Aslan İsmayılovla əlaqə saxlayıb məlumatın doğru olub-olmadığını soruşduq. O bizimlə söhbətində faktı təsdiq etdi: “Elnur Həsənovun müraciət etməsinə səbəb guya onu təhqir etmişəm. Halbuki, belə bir şey olmayıb”.
Vəkil deyir ki, Elnur Həsənovun bu hərəkətindən dərhal sonra mətbuata xəbər verib, o cümlədən Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib: “Əvəzində bu gün məni Vəkillər Kollegiyasının intizam komisiyasına çağırdılar. Suallarından, davranışlarından başa düşdüm ki, onlar məni yerimə oturtmaq istəyirdilər. Guya qanunu pozmuşam, hakimi döymüşəm. Sualların mahiyyətində məni bir alçatmaq məqsədi vardı. Onların cavabını verdim izah elədim ki, qanundan , vəkil etikasından dərs keçmək lazım deyil. Sifariş verilibsə qərarınızı elan edin”.
Aslan İsmayılov deyir ki, onu bir dəfə 1999-cu ildə vəkillikdən çıxardıblar: “Bir-iki ildən bir cəhd edirlər yerimə oturtsunlar. Bir balaca ictimai fəallığımı artıranda, tənqidi fikirlərə çox yer ayıranda bu cür şeylər olur. Elə bilirlər ki, mənə bu cür xox gəlməklə fikrimi, yaxud diqqətimi yayındıra bildirəcəklər. Qəzetiniz vasitəsiylə Fikrət Məmmədova müraciət edirəm. Son zamanlar nazirin adına 10-dan artıq hakimlərlə bağlı məktublar yazmışam ki, barələrində intizam tədbirlər görülsün. Bu günə qədər mənə heç bir cavab verilməyib”.
Ramin DEKO