
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökuməti ilə keçmiş səhiyyə naziri Əli İnsanovun yaxınlarının işi üzrə kommunikasiyaya başlayıb. Məlumatı “Media forum” saytına vəkil Akif Əlizadə verib.
Vəkilin sözlərinə görə, şikayətçilər Əli İnsanovun dövründə səhiyyə obyektlərini özəlləşdirmiş mülkiyyətçilərdir: “Əli İnsanov həbs olunandan sonra onun nazir işlədiyi dövrdə özəlləşdirilmiş səhiyyə obyektləri kütləvi formada mülkiyyətçilərin əlindən alındı və dövlətin balansına qaytarıldı. Əli İnsanova yaxınlığı olan və ya olmayan onlarla insanın qanuni yolla əldə etdiyi əmlakları qanunsuz olaraq əllərindən alındı. Sabiq səhiyyə nazirinin cinayət işi üzrə mülki cavabdeh kimi cəlb edilmiş xeyli sayda əmlak sahibi pozulmuş mülkiyyət hüquqlarını Azərbaycanda bərpa edə bilmədiklərindən 2008-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediblər.
Avropa Məhkəməsi şikayətçilərdən Günel Yusifli, Xalidə Məsimova, Nazim İsmayılov və digər 5 nəfərin şikayət ərizəsini icraata qəbul edib. Bu ilin fevralında hökumət şikayət ərizələrinə dair izahatını məhkəməyə göndərib, martda isə şikayətçilər hökumətin izahatına dair qeydlərini və ədalətli kompensasiya üçün tələblərini məhkəməyə təqdim ediblər. Hesab edirəm ki, yaxın vaxtlarda Avropa Məhkəməsi şikayətçilərin hüquqlarının pozulmasına dair qərar qəbul edəcək”.
Əli İnsanov mərhum prezident Heydər Əliyevin silahdaşlarından, hakim Yeni Azərbaycan Partiyasının qurucularından olub. 2005-ci ildə səhiyyə naziri postunda çalışarkən dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. Sonradan korrupsiyada, vəzifə səlahiyyətlərini aşmada təqsirli bilinərək 11 il azadlıqdan məhrumetmə cəzası alıb.


