Riçard Morninqstar: “Bu ilki etirazlara hökumətin reaksiyası məni narahat edir”
“ABŞ-ın dünyada demokratik inkişafa dəstəyi həm də praqmatik mülahizələrə əsaslanıb”
Dünən hökumət nümayənədələrinin Azad Fikir Universitetinin ofisinin möhürlədiyi barədə xəbərin ardınca, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar əvvəldən nəzərdə tutulan çıxışını etmək üçün AFU-nun bir qrup nümayəndəsi ilə görüşüb. Bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, səfir AFU-nun həyata keçirdiyi işləri yüksək qiymətləndirib. O, qeyd edib ki, AFU demokratik islahatlar, müstəqil media, insan hüquqları və qanunun aliliyini inkişaf etdirmək yönündə yeni media vasitələrindən innovativ formada istifadəyə görə ABŞ-ın ATƏT-dəki missiyası tərəfindən “2010-ci ildə İnternet vasitəsilə Söz Azadlığı üçün Səfir Mükafatı” ilə təltif olunub.
Morninqstar qeyd edib ki, səfirlik ölkəyə gələn ABŞ rəsmilərinin AFU-da görüşlərini təşkil edir, çünki AFU “istənilən yaxşı universitetin kampusunda mövcud olan” faydalı müzakirələr üçün əlverişli forum təklif edir.
Məlumatda qeyd olunur ki, suallara cavab verməzdən əvvəl səfir bunları deyib: “Mən Azərbaycanın dostuyam, və mən onun 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra əldə etdiyi nailiyyətlərə heyranam, lakin etirazlarda və vətəndaş cəmiyyəti hərəkatında fəal iştirak edən gənclərin saxlanılması və dindirilməsi daxil olmaqla, bu ilki etirazlara qarşı hökumətin reaksiyası məni narahat edir. Dünən axşam rəsmilər tərəfindən Azad Fikir Universiteti ofisinin bağlanılması barədə məlumatı eşitmək məni xüsusilə məyus etdi.
Mən inanıram ki, dinc etirazlara hörmətlə yanaşma, müstəqil və şəffaf məhkəmələr, eləcə də hökumətin vətəndaşlarla, xüsusilə də gənclərə münasibəti onların əsaslı tələblərini cavablandırmaq üçün demokratik hökumətlərin öz fundamental sabitliyini təmin etməyin ən yaxşı və təsirli yollarıdır”.
Səfir vurğulayıb ki, Azərbaycan regional və enerji təhlükəsizliyi sahəsində ABŞ-ın güclü və dəyərli tərəfdaşıdır, lakin regional və enerji təhlükəsizliyi demokratik və iqtisadi islahatları özündə birləşdirən daha geniş əlaqələrin bir hissəsidir.
“ABŞ-ın dünyada demokratik inkişafa dəstəyi bizim dəyərləri əks etdirir, amma, bu həm də praqmatik mülahizələrə əsaslanmışdır. Keçmiş dövlət katibi Klintonun Bakıya səfərlərinin birində dediyi kimi, bizim ən yaxın əlaqələrimiz vətəndaşlarının geniş insan hüquqlarına hörmət edən ölkələrdir. Biz dünyada müxtəlif çağırışların öhdəsindən gəlməyi bacaran güclü tərəfdaşlara ehtiyacımız var, eləcə də güclü demokratiyalar bizim ən güclü tərəfdaşlarımızdır”, – deyə Morninqstar sonda qeyd edib.


