İttihamlara baş onkoloqdan sonra Milli Onkologiya Mərkəzindən də tamamilə eyni arqumentlərlə cavab gəldi
Həmdi Koçer: «Mənə cavab verən adam siyasətçinin əmr quludur, mən isə fərqliyəm, elm adamıyam…»
Bir müddət əvvəl ölkəmizdə çalışmış türkiyəli cərrah Hamdi Koçerin “Azadlıq”a verdiyi müsahibədə Azərbaycanda onkologiya sahəsilə bağlı səsləndirdiyi ittihamlar əks-səda doğurub. Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimlidən sonra Milli Onkologiya Mərkəzinin şöbə müdiri Samir Qurbanov da ittihamlara cavab verib. Samir Qurbanov “movqe.az”a açıqlamasında demək olar ki, Azad Kərimlinin açıqlamasında qeyd olunan arqumentləri təkrarlayıb.
Qeyd edək ki, Həmdi Köçər Azərbaycanda çox vaxt ehtiyac duyulmadığı halda, süd vəzi xərçəngi diaqnozu qoyulmuş xəstələrin əməliyyat edildiyini bildirir. Samir Qurbanov isə deyir ki, Köçər özü Azərbaycanda çalışdığı vaxtlarda əməliyyata ehtiyacı olmayan xəstəyə qarşı bu üsuldan istifadə edib. Onun sözlərinə görə, bunun səbəblərindən biri də budur ki, Azərbaycanda bəzi özəl tibb müəssisələrində, o cümlədən Köçərin çalışdığı klinikalarda onkoloji xəstəliklərin müalicəsi – kimyaterapiya, şüaterapiyanın aparılması üçün şəraitin olmamasıdır: “Şüaterapiyanın aparılması üçün lazım olan avadanlıqların qiyməti 2,5 milyondur. Radioterapiyanın aparılması üçün dərmanların qarışdırılmasında istifadə edilən avadanlıqlar və mütəxəssislər lazımdır. Özəl klinikaların bu aparatları almağa imkanları olmadığından və bu qədər vəsait xərcləmək rentabelli olmadığından, onlara üz tutan onkoloji xəstələri əməliyyat edirlər. Halbuki, bütün dünyada artıq əməliyyat ikinci plana keçib. Onkoloji xəstələrin radioterapiya və kimyaterapiya ilə müalicəsinə üstünlük verilir.
Həmdi Köçərin özü də özəl klinikalarda onkoloji xəstələrin müalicəsi üçün lazımi şüaterapiya və kimyaterapiya avadanlıqları olmadığından xəstələri sadəcə, əməliyyat etməklə kifayətlənib. Ən dəhşətlisi isə odur ki, bu həkimin süd vəzisinin ödemli infiltrativ formalı xərçəngi,ÿkörpücük altı və körpücük üstü limfa düyünlərə metastazı diaqnozu qoyulmuş qadınları sadəcə, əməliyyat edərək kimya terapiya, şüa müalicəsi aparmamasıdır. Əslində bu diaqnoz qoyulmuş xəstəni əməliyyat etmək onun ömrünü yarıbayarı qısaltmaq deməkdir. Şüa terapiya, kimyaterapiya və hormono terapiyanın aparılması üçün onun Azərbaycanda çalışdığı klinikada aparatlar və mütəxəssislər olmayıb. Köçər bizim Mərkəzdə də leksiya oxuyarkən şəxsən mən ondan soruşdum ki, süd vəzi xərçənginin ölçüsü 2 santimetr olan qadının süd vəzini itirməməklə, eyni zamanda xəstəyə kimya terapiya, şüa müalicəsi aparmamaqla neçə həyatda saxlamaq olar? O, etiraf etdi ki, bu mümkün deyil. Amma bu sözü efirdə reklam olunmaq, çalışdığı klinikaya müştəri yığmaq üçün söyləyib”.
Baş onkoloq kimi Samir Qurbanov da deyir ki, Həmdi Köçər yaxşı mütəxəssis olsaydı, qalıb öz ölkəsində işləyərdi: “Türkiyədə hələ Atatürkün dövründən xarici həkimlərin bu ölkədə işləməsi qanunvericiliklə yasaq idi. Amma sonra Türkiyədə həkim qıtlığının olması, bu ölkənin 100 min həkimə ehtiyacının olduğu nəzərə alınaraq, xarici ölkələrdən gələn həkimlərin Türkiyədə işləməsinə qanunla icazə verildi. Həmdi Köçərin ölkəsində bu qədər həkimə ehtiyac olduğu halda, o, niyə öz ölkəsində çalışmaqdan, Azərbaycanda işləməyi üstün tutur? Deməli, Həmdi Köçər kimilər, öz ölkəsində həkim kimi işləmək üçün şanslarının olmadığını gördükdə, Azərbaycan və sair ölkələrə iş üçün üz tuturlar”.
Bu arada, Azad Kərimlinin Həmdi Köçərin ünvanına səsləndirdiyi fikirlərə dünən türkiyəli cərrah cavab verib. Köçər avropa.info-ya açıqlamasında deyib: “Mən lazım olanları dedim, azəri qardaşlarımızın də bir az cəsarət edib həqiqətləri danışması lazımdır. Həkimləriniz və xəstələriniz mənə oradakı həqiqətləri başa salır, amma heç kim mətbuata açıqlama vermir. Dediyim kimi, mənə cavab verən adam siyasətçinin əmr quludur. Onun işi özünə verilən əmri yerinə yetirməkdir. Ona danış deyirlər, o danışır. Mən isə fərqliyəm. Mən elm insanıyam. Etdiyim və dediyimi hər şeyi sübut etməyim lazımdır. Mən yalan deyə bilmərəm. Sizlərdən də 100 qadın, 1000 qadının çıxıb danışması və mənə dəstək olması lazımdır. Yoxsa, mənim savaşım deyil. Onsuz da xəstələrim Istanbula gəlir, onları burada görürəm. Bu səbəblə siyasətçilərlə mübahisə etmək istəmirəm. Mənim həmsöhbətlərim elm adamlarıdır, siyasətçilərlə işim olmaz. Getdim Milli Onkolojidə çıxış etdim, vəziyyətin çətinliyini, süd vəzi xərçənginin çox olduğunu dedim. Buna qarşı nələr etmək lazım olduğunu da söylədim. Amma mənə qarşı düşmənçilik apardılar”.


