Xalq artisti ilahiyyatçının həbsində adının hallandırılmasından hiddətləndi
«Kimi tutmaq istəyirsinizsə, kişi kimi, öz adınızdan tutun, mənim adımı bu işə qatmayın»
Xalq artisti, millət vəkili Zeynəb Xanlarova həbs edilmiş ilahiyyatçı Tale Bağırzadəyə qarşı ittihamlarda adının hallanmasına münasibət bildirib. Z.Xanlarova “Azadlıq” qəzetinin sorğusuna cavab olaraq bildirib ki, bu məsələdə adının hallanması ona çox pis təsir edib: “İnanın, özümə gələ bilmirəm. Mən Nardaran camaatından həmişə hörmət görmüşəm. Mən məscid tikdirmişəm. Mən məhz onların xahişi ilə prezidentin qəbulunda olub kommunal problemlərini qaldırmışam. Hörmətli prezidentə demişəm ki, onlar mərd, kişi adamlardır. Prezident də mənim xahişimdən sonra onların kommunal problemlərinin həllinə göstəriş verib.
Bilirsiniz nə var, mən kişi qızıyam. Mənim üçün heç vaxt müxalifət-iqtidar söhbəti olmayıb. Mənim üçün həmişə xalq olub. Mən həmişə aşağı təbəqəni sevmişəm, onların mövqeyində olmuşam, onlara yaxşılıq etməyə çalışmışam. İndi bu nə şərdir yaxırlar mənə?
Mən heç kimdən şikayət etməmişəm. Cəhənnəm olsun bağ da. Kiçik bir hadisədir olub, onu da nardaranlılardan görmürəm. Tələb edirəm ki, mənim adımı bu məsələlərdə hallandırmasınlar.
Yenə deyirəm, mən həmişə yaxşılıq etməyə çalışmışam. O oğlanın həbsini də eşidəndə çox pis oldum ki, gənc bir övladımız həbsə düşüb.
O ittihamı hazırlayanlara deyirəm, kimi tutmaq istəyirsinizsə, kişi kimi, öz adınızdan tutun, mənim adımı bu işə qatmayın. Mənim işim ayrı-ayrı ölkələrdə Azərbaycanı layiqincə təmsil edib tanıtmaq, bayrağımızı ucaltmaqdır, adam tutdurmaq deyil”.
Z.Xanlarova daha sonra əməkdaşımızı telefonda gözlədərək, paralel olaraq daxili işlər naziri Ramil Usubova telefon açıb. O, telefonu qaldıran şəxsə təcili nazirlə danışmaq istədiyini bildirib. Nazirin yerində olmadığı cavabını alan Zeynəb xanım öz iradını dəstəyi qaldıran nazirlik rəsmisinə çatdırıb və bu barədə Usubova məruzə olunmasını xahiş edib. Z.Xanlarova nazirdən bu məsələdə onun adını hallandıranlara qarşı ölçü götürülməsini istəyir.
T.Bağırzadənin vəkili bugünlərdə məlumat vermişdi ki, istintaqda müdafiə etdiyi şəxsə Z.Xanlarovanın və bir nazir müavininin bağ evlərini onun adamlarının yandırdığı haqda şahid ifadələrinin olduğunu deyiblər.
Aprelin 11-də isə məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri birgə məlumat yayıb və orada da Z.Xanlarovanın adı hallanır. Məlumatda deyilir:
“Aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar. Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb, birinci mərtəbənin şüşələri sındırılıb və divarına “Taleh Bağırova azadlıq!” sözləri yazılıb. Elə həmin gün, təxminən saat 05:35 radələrində Bakı Şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.
İlkin dindirmə zamanı onlar Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq İcra Hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər.
Təqsirləndirilən şəxslərin etirafedici ifadələri, müvafiq ekspertiza rəyləri və digər mötəbər sübutlarla Bəxtiyar Qurbanov və Röyal Əsgərovun törətdikləri cinayət əməlləri, onların bu işi məhz Taleh Bağırovun tapşırığı əsasında etdikləri tam təsdiqini tapıb.
Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
İnformasiya şöbəsi