Dünya praktikasında hansısa bir dövlətin xüsusi və fövqəladə rejimə keçməsi əsasən təbii fəlakətlər, xarici müdaxilə və digər böhranlar zamanı müşahidə edilir. Zəlzələlər, daşqınlar, quş qripi, vəba, taun kimi fəlakətlər, nəhayət, davamlı silahlı müdaxilə dövləti məcbur edir ki, problemlər həll edilənə qədər ölkədə xüsusi və fövqalədə vəziyyət elan etsin…
Azərbaycnda isə yuxarıda sadaladığım təhlükələrin heç biri mövcud olmasa da, hakimiyyət artıq xüsusi bir rejimə start verib. 1937 – ci ilin “elementləri” ilə zəngin olan, bir sıra parametrlərdə hətta onu ötüb keçən bu siyasi mühitin adını seçki rejimi də qoymaq olar. Dünyanın heç bir yerində belə bir hal yoxdur ki, seçki ilində siyasi partiya təmsilçiləri, liderlər, rəqiblər ölkənin bir yerindən digər yerinə, hətta öz əzizlərinin yas mərasiminə belə gedə bilmirlər və ya bu fikrə düşdüklərinə görə dövlət səviyyəsində terrora məruz qalırlar. Seçki ili təzə başlayıb, belə davam etsə, nələrin ola biləcəyini təsəvvür edə bilərsinizmi? Bəlkə biz bu olayları dogru təhlil edə, düzgün nətiçə çıxara bilmirik, rejimin mahiyyətinə çox tünd qiymət veririk?
Elədirsə cənablar, deyin bunu başqa cür necə adlandırmaq olar?
Baxmayaraq ki, ölkəmiz dünyanın böyük diqqət və önəm verdiyi bir seçki ilinə qədəm qoyub, seçkini keçirməli olan hakimiyyət numayəndələri bu barədə danışmaq istəmir. Seçki keçiriləcək ölkəyə bənzətmək istəyi isə elə az-çox müxalif düşərgənin mətbuat orqanlarında və müxalif düşərgənin təmsilçilərinin davranışlarında, müsahibələrində görünür, eşidilir. Maraqlısı budur ki, hakimiyyət seçki görüntüsü yaratmaq istəyindən də uzaqdır. Güman ki, seçki haqqında danışmamagımız üçün nə gərəkirsə etdiyini düşünən rejim ümid edirmiş ki, etdiklərindən dolayı Azərbaycan xalqı bir də demokratiya, ədalətli seçki sevdasına düşməz. Amma son 3-4 ayın hadisələri bunları necə məyus edibsə, indi həbs etdikləri günahsız insanların taleləri üzərində tətbiq etdikləri xüsusi türmə rejimlərini cəmiyyət üzərində də tətbiq etməyə başlayıblar. Və yəqin, bu günlərdə şahidi olacagıq ki, siyasətlə məşgul oldugu və buna görə çox amansız mütəşəkkil cinayət törədən partiya mənsubları öz yurdlarına əzizlərinin xeyir-şər məclislərinə getmələri üçün xüsusi qaydada icazə almalıdırlar. Məsələn, Lənkərana İsa Qəmbər gedə bilməz! Zəhmətkeşlər üsyan edir ki, niyə bizim məmləkətə siyasətlə məşgul olan adam gəlir. Və yaxud Əli Kərimli ümumiyyətlə heç yerə gedə bilməz. Bakı şəhərindən aralansa ortalıq qarışar və sair. Biz müxaliflər də seçki ilində ölkənin bir yerindən digərinə sadəcə yas mərasiminə gedə bilmədiyimiz halda hansı ədalətli, bərabər seçki haqqında danışa bilərik? Hətta hərdən rejim mənsubları müxalifəti birləşə, vahid namizəd müəyyənləşdirə bilməmək kimi məsələlərdə günahlandırır, onların zəifliyinin məhz bu məqamlara baglı oldugunu açıb göstərmiş, sübut etmiş kimi görünməyə çalışrlar. Lakın heç kim fərqində deyil ki, sadə xalq artıq onun taleyində dəyişiklik yarada bilən seçki kimi mühüm hüquqi vasitəyə heç tamaşa kimi də baxmaq istəmir. Sadə insanımız, fərqli fikir söylədiyinə görə öz əzizinin yasına gedə bilməyən, buraxılmayan partiya liderini görürsə, belə bir siyası mühitdə, reallıqda yaşayırsa və bu hadisələrə tərəqqipərvər bəşəriyyət təmsilciləri “Azərbaycanın demokratiyaya doğru daha bir addım atması” kimi qiymət verirsə nə etməlidir?
Bəlkə də hakimiyyət fərqində deyil, amma tarixi bir dövrə qədəm qoymuşuq – heç bir siyasi mənsubiyyəti olmayan insanlar, siyasi hadisələrə müdaxilə etməyə başlayıb. İsmayıllı olayı, Binə ticarətçilərinin etirazı, əsgər ölümlərinə qarşı etiraz, nəhayət sadə insanların total şəkildə yaşam mübarizəsinə qalxmasının da məhz 2013-cü ilə təsadüf etməsi tarixi bir qanunauyğunluğudur.
Seçki rejiminin üç aydır tətbiq edilməsində yeganə təsəlli və ümidverici məqam da elə cəmiyyətin ayrı – ayrı kəsimlərinin inadlı müqavimətidir. Əslində zor aparatı tətbiqinin, nə qədər qəribə görünsə də, müsbət cəhətləri də var. Bu mərhələni keçmək demokratiya uğrunda mübarizənin tərkib hissəsidir, obrazlı desək, qorxu kütləviləşməklə adiləşir…
Avtoritar rejimlər ifşa olunduca, aqressivləşir, aqressivləşdikcə zəifləyir. Bu tarixin yazılmış qanunudur.
Xüsusi rejimli Azərbaycan
•