Avropa Birliyi offşor hesablara savaş elan etdi

avropa birliyi-bina-bayraqGizli biznes sahiblərinin qara günləri başlayır: dünya nəhəgləri bank sirlərini yaymaq razılığına gəldi

ABŞ-da yerləşən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ingiliscə ICIJ) yaydığı “offşor hesabatı” Avropa Birliyində əsk-səda verdi. Birlik offşor zonalarda gizlədilən pullarla bağlı hərəkətə keçib. Birliyin beş böyük ölkəsi – Almaniya, İngiltərə, Fransa, İtaliya və İspaniya bank məlumatlarının paylaşılması mövzusunda razılığa gəlib. İlk addımı isə Lüksemburq atır. Bank sistemi iqtisadiyyatının 22 faizini təşkil edən Lüksemburq 2015-ci ildə məlumatlarını digər ölkələrlə paylaşacaq. Bank sirlərinin paylaşılması ilə 1 trilyon dollara qədər vergi qaçaqçılığının qarşısının alınacağı planlaşdırılır.
Lüksemburqun baş naziri Jan-Klod Junker bildirib ki, bank sirlərini açmaqla ölkəsi hər hansı təhlükə ilə üzləşməyəcək. Maliyyə sektorlarının yalnız banklardakı gizliliyə dayanmadığını ifadə edən Junker “Lüksemburq çirkli pullar və ya vergi qaçaqçılığından pul qazanmır” deyə bildirib.
Lüksemburqla yanaşı Avstriya da vergi qaçaqçılığıyla mübarizə şərtlərini qəbul edib. Avstriya kansleri Verner Fayman ölkəsindəki bank hesabı sahiblərinin məlumatlarını paylaşa biləcəkləri siqnalını verib.
Fransa isə hər il “vergi cənnəti” olaraq müəyyən etdiyi ölkələrlə əlaqədar qara siyahı yayacak. Keçmiş nazir Cerom Cahuzakın İsveçrədə gizli hesabının ortaya çıxması ilə başlayan siyasi böhranı cilovlamaq istəyən prezident Fransua Olland görüləcək tədbirləri açıqladı. Tədbirlərdən biri kimi Fransa bankları hər il bütün dünya üzrə şöbələrindəki məlumatları dövlətə təqdim edəcək.

Ekspertlərin fikrincə, son günlər offşorlarla bağlı atılan addımlar bu istiqamətdə çox böyük planların olduğunu göstərir: “2008-ci ildən başlanan böhran prosesi davam edir. Xüsusən Avropanın bəzi ölkələrində vəziyyət kifayət qədər ciddidir. Stabilizasiya Fondu yaradılıb, amma getdikcə daha çox ölkənin böyük maliyyə vəsaitlərinə ehtiyac var. Artıq Avropa dövlətlərinin rəhbərləri belə qənaətdədirlər ki, vəziyyətin bu qədər pis olmasının başlıca səbəblərindən biri ölkələrdən müxtəlif üsullarla pulların çıxarılması və vergidən yayındırılmasıdır. Ümumilikdə isə gedən proses bu vaxta qədərki təcrübənin aradan qaldırılması istiqamətində görülən tarixi tədbirlərdir. Apırılan işlər offşorlarda pulların gizlədilməsi təcrübəsinin aradan qaldırılması üçündür”.
Ekspertlər deyir ki, bundan sonra Azərbaycan kimi ölkələrdən vəsaitlərin çıxarılmasının, onların gizlədilməsi hallarının qarşısı alınacaq: “Atılan addımlar ölkələrdən pul oğurlayan və onları müxtəlif ölkələrdə gizlədən şəxslərin vəziyyətinin çox pis olması ilə nəticələnəcək. Bu prosesin onlar üçün çox ağır siyasi və iqtisadi nəticələri olacaq”.

İnformasiya şöbəsi