“Heç kimiin rejimin korrupsionerliyinin kölgəsində gizlənərək, belə anti-insani, iyrənc yollarla pul toplamasına tolerant olmaq olmaz”
AXCP sədri Əli Kərimli Facebook səhifəsində ölkə vətəndaşlarına müraciət edərək, ictimai əxlaqın deformasiyasına qarşı çıxmağa səsləyib. Əli Kərimli bir müddət Bakıda işləmiş Türkiyəli onkoloq-cərrah Hamdi Koçerin “Azadlıq”a müsahibəsində səsləndirdiyi fikirlərdən təsirləndiyini qeyd edərək yazır:
“Türkiyədən olan cərrah Hamdi Koçerin «Ölkənizdə əməliyyat olunmalı xəstələri yox, əməliyyat olunmaması gərəkən xəstələri əməliyat edirlər. 2000-dək qadına əməliyyat olunmağı vacib bilmişdilər, ancaq onların cəmi 50 nəfəri əməliyyat olunmalı xəstə idi» sözləri məni hər zaman narahat edən bir məsələni yenidən aktuallaşdırdı.
Bütün ölkələrin qanunvericiliyi korrupsiyanı cinayət hesab edir. Bütün əxlaq sistemləri də korrupsiya və rüşvəti həm də əxlaqsız hərəkət kimi qiymətləndirir. Bizim ölkəmizdə isə korrupsiya dövlət səviyyəsində bərqərar olduğundan idarəetmənin prinsipinə çevrilib. Korrupsiya yuxarıdan himayə olunduğuna və idarəetmə prinsipinə çevrildiyinə görə bir sıra hallarda ictimai fikir “sıravi” korrupsionerlərə tolerant yanaşır. “Filankəs nə etsin? Bu işi görüb, yuxarıların “haqqını” verməsə, onu çıxaracaqlar, başqası həmin işi görəcək” arqumenti bəzən hətta korrupsiyadan şəxsən zərər çəkənlərin də ürəyini yumşaldır.
Yuxarıların korrupsiyanı “legitimləşdirməsindən” istifadə edən bir çox işbazlar ən iyrənc yollarla da pul toplamaq işinə girişiblər. Yuxarıdakı sitatda deyildiyi kimi pul əldə etmək üçün ehtiyac olmadığı halda insanları kəsib-doğramaq(əməliyyat etmək), əzizini itirmiş ailələrə ölülərini basdırmaq üçün qəbir yerini pul ilə satmaq, ən köməksiz, kasıb durumda olan ailələrə ayrılan sosial müavinətə yarıbayarı şərik olmaq (1 illik müavinətin 6 ayını ehtiyacı olan kasıb vətəndaşın, 6 ayını isə müvafiq orqanların və vəzifəli şəxslərin alması), kasıb ailələrin bir qayda olaraq ön cəbhədə xidmətə göndərilən övladlarından müxtəlif bəhanələrlə pul tələb etmək, onsuz da bəla içində olan əlil vətəndaşımıza əlilliyə görə təqaüdü təmənna ilə təyin etmək və bu qəbildən olan digər hərəkətlər yalnız korrupsiya, rüşvət cinayəti deyil, açıq-aşkar insana yaraşmayan vicdansızlıqdır. Rejimin korrupsinerliyinin kölgəsində gizlənərək heç kimin belə anti-insani, iyrənc yollarla pul toplamasına tolerant olmaq olmaz. Belələri hər addımda ifşa olunmalı, belə ailələrin övladları atalarının (analarının) bu yollarla pul toplamasına görə xəcalət çəkməlidirlər. Hər bir şəxs də şəxsən tanıdığı belə yaramazları internetin imkanlarından istifadə edərək cəmiyyətə təqdim edib, ifşa etməlidir. Unutmayaq ki, dövlətin əldən getməsi, hüququn, ədalətin, azadlığın ayaq altında tapdanması da ictimai əxlaqın deformasiyasından və ictimai rəyin prinsipsizliyindən başlanır”.