Bəxtiyar Sadıqov “Yeni Azərbaycan”ı niyə təbrik etmədi?

«Yaddan çıxarıblarsa, öz işləridir, belə yerdə deyiblər, təki «Əzrayılın yadından çıxasan»

“Yeni Azərbaycan” qəzetinin 20 yaşı münasibətilə xüsusi buraxılış hazırlanıb. Qəzetin səhifələrində nazirliklərin, ziyalıların, deputatlar və media nümayəndələrinin təbrik yazıları yer alıb. Lakin xüsusi buraxılışda nədənsə, “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun hansısa formada təbrik yazısını görə bilmədik.
Bunun səbəbini Bəxtiyar Sadıqovla diqəqləşdirmək istəsək də, deputat səyyar dəyirmi masalar keçirmək məqsədilə hazırda rayonda olduğunu bildirdi. Onun ehtimalına görə, bu səbəbdən “Yeni Azərbaycan”çılar onu axtarıb tapa bilməyib: “Ola bilsin, məni tapmayıblar, ümumiyyətlə isə, bütün hallarda bu suala cavab verməkdə çətinlik çəkirəm. Biz özümüz də hansısa tədbir keçirəndə, kitabımızın təqdimatından sonra dostumuzun biri onu nədən dəvət etmədiyimizlə maraqlanır. Yaxud da bu iş sistem əsasında aparılır, ziyalılar, nazirlər, YAP funksionerləri və bu düşərgədən seçilənlər ilk növbədə üzdə olur. Amma mən YAP-ın sıravi deputatıyam”.
B.Sadıqov analoji suala qarşı tərəfin cavab verməli olduğunu vurğulayaraq, hər bir halda, yubiley olduğu üçün məsələni hallandırmağı münasib saymadı: “Yubileylərdə ancaq yaxşı sözlər deyilməlidir. Yaddan çıxarıblarsa, öz işləridir. Belə yerdə deyiblər, təki ”Əzrayılın yadından çıxasan”.

Nigar