İki qurum arasında başlanan ittihamlar Əliyevin «ekologiya ili» şousunu yerə vurdu
Azərbaycanda iki mühüm dövlət qurumu, daha doğrusu, iki məmur arasında ciddi qarşıdurma yaranıb. Bunlardan biri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digəri isə Bakı şəhər Icra Hakimiyyətidir. Qarşıdurma o qədər böyüyüb ki, artıq tərəflər açıq ittihamlara keçiblər.
Hətta tərəflərdən biri digərini məhkəməyə verəcəyini deyir. Hələlik bu, birinci şəxslər səviyyəsində olmasa da, heç kimə sirr deyil ki, Azərbaycan reallığında belə ittihamlar birincilərin iradəsindən kənar baş vermir.
Deməli, əsl həqiqət başqadır. Gerçəklik ondan ibarətdir ki, bu gün Hüseynqulu Bağırovla Hacıbala Abutalıbov arasında ciddi konflikt baş verməkdədir.
Keçək faktlara.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Iradə Ibrahimova APA-ya müsahibəsində deyib ki, meriyanın Yaşıllaşdırma Təsərrüfatı Birliyi bu günədək şəhərdəki qəzalı ağaclara rəy bildirməyib.
I.Ibrahimova deyib ki, qəzalı ağacların yaratdığı təhlükəli vəziyyətlə bağlı vətəndaşlardan çoxlu şikayətlər alıblar.
Nazirlik rəsmisi deyib ki, şəhərdə ağaclara aqrotexniki xidmətin göstərilməsi vəziyyəti də çox pisdir: “Yaşıllaşdırma Təsərrüfatı Birliyində aparılan araşdırma zamanı ciddi pozuntulara yol verilməsi, o cümlədən qanunsuz ağac kəsintisi faktı müəyyən olunub. Akt tərtib edilib. Birlik hüquqi şəxs qismində 40000 manat məbləğində cərimə olunub. Lakin bu günlərdə həmin icrası məcburi olan göstərişin tələblərinin yerinə yetirilmə vəziyyəti araşdırılarkən müəyyən edilib ki, bu istiqamətdə heç bir tədbir görməyib. Birlik hüquqi şəxs qismində yenidən 18 000 manat məbləğində cərimə edilib”.
Nazirlik rəsmisi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şəhərdəki sağlam ağacları kəsməsi faktlarının da çox olduğunu bildirib.
I.Ibrahimova deyib ki, ETSN-nin mütəxəssislərinin apardığı araşdırmalar zamanı bu Birliyin əməkdaşları tərəfindən yaşıllıq ərazilərindəki ağacların aqrotexniki qulluq adı altında kəsildiyi aşkarlanıb. Həmin fakt üzrə tərtib olunmuş sənədlər isə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Öz növbəsində Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov da mətbuata açıqlamasında nazirliyin Rusiyadan baha qiymətə qovaq tingləri aldığını bildirib.
Nazirlik rəsmisi I.Ibrahimovanın ittihama münasibəti isə belə olub:”Düzü, bu iddianın Bakı şəhərinin bilavasitə “yaşıllaşdırılmasını” həyata keçirməli olan, özü də biologiya elmləri namizədi kimi alimlik dərəcəsinə malik rəsmi qurumun rəhbəri tərəfindən irəli sürülməsi bizdə gülüş hissi doğurur. Yazıq ona ki, qovaqla Şərq çinarı ağacının fərqini bilmir, amma Bakının yaşıllaşdırılmasına rəhbərlik edir. Ikincisi, bu ağacları Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə alıb, nə də əkib”.
I.Ibrahimova deyib ki, belə yalan iddianın hansı məqsədə xidmət etdiyini o, özü yaxşı bilər. “Görünür, bu, onun ETSN tərəfindən cərimə olunduğu üçün qisas hissindən irəli gələn reaksiyasıdır. Görülən tədbirlərə, cərimələrə rəğmən fəaliyyətini düzgün istiqamətdə qurmaq əvəzinə ayrı-ayrı qəzetlərdə böhtan xarakterli yazılar dərc etdirir.
Bir faktı da nəzərinizə çatdırmaq istəyirəm ki, Bakıda təqribən 12 min hektarlıq yaşıllıq ərazisi üçün ayrılan vəsait bütövlükdə Azərbaycanın 1,2 milyon hektarlıq meşə fonduna ayrılmış vəsaitdən külli miqdarda artıqdır və bu qədər vəsaitin müqabilində Birliyin xaricdən baha qiymətə alıb gətirdiyi ağacların aqibəti də göz qabağındadır”.
I.Ibrahimova sonda deyib ki, təmsil etdiyi nazirlik Yaşıllaşdırma Təsərrüfatı Birliyini ünvanlarına böhtan, şər və yalan xarakterli ittihamlar səsləndirildiyinə görə məhkəməyə verəcək.
İnformasiya şöbəsi