Övlad həsrətində ölmək

Rusiyadan niyə qayıtmağının səbəblərini xatırlayıram. Bəs deyincə səbəblər vardı. Ancaq o tip siyasi səbəblərin detallarına varmaq istəmirəm. Bir də mənəvi yanı vardı evə dönmənin.
Bir gün düşündüm ki, ömür elə də uzun deyil. Bir saat sonra nə olacağını belə bilmək olmur. Zaman dəli çay kimi sürətlə axıb gedir. Iraq sabah bir şey olsa, başıma döyəcəyəm. Atamı, anamı doyunca görə bilmədim, deyəcəyəm. Hətta vətənə dönəndən sonra da bu hiss məni dinc buraxmadı, Bakıyla rayon arasındakı iki saatlıq məkan fərqi belə, bu xofumun qarşısını ala bilmədi. Şəhərdə qalıb yenidən qəzetdə çalışmaq yerinə rayona getdim. Bir il valideynlərimlə qaldım. Sonra atam “get”… Indi yenə də acı-acı düşünürəm: “Doymadım ondan…”. Məgər o, mənsiz qala bilirdimi? Rusiyaya gedəndə də əngəl olmağa çox çalışdı. Gerçəklik isə ayrı idi.
Bəzilərinə bu, sadəcə bioloji bağlılıq və sentimentallıq kimi gələ bilər. Bəlkə də elədi. Ancaq bu hissi yaşamaq üçün gərək mütləq valideyn itkisinin nə olduğunu bütün varlığınla yaşayasan, onun acı meyvəsini dadasan, sonra bilərsən ki, doya bilmək nədi, sentimental olmaq nə…
Ötən il Nemət Pənahlı atasını itirdi. Atası oğul həsrəti ilə gözlərini yumdu. Biryolluq. Bir də onlar heç zaman oturub kəlmə kəsə, bir-birinin əlini tuta, göz-gözə baxa bilməyəcəklər. Neməti atasının dəfninə belə buraxmadılar.
Bu gün anası Sara xanımın vəfat etdiyini oxudum. Necə sarsıldığımı təsəvvür etmənizi çox istərdim. Əlbəttə, insanın əbədi olduğuna inanacaq qədər saya deyiləm, bir gün bu qədər hər kəs üçün var. Nemət evdə, azadlıqda olsaydı belə, bu günü görəcəkdi. Ancaq indi görmür. Görməsi mümkün deyil. O, sadəcə bunu eşidir. Görmək – ələmini, sevinci görmək də insana verilən ən böyük nemət deyilmi? Indi o bu nemətdən məhrumdu. Onu atasının yasında olduğu kimi yenə də valideynini dəfn etməyə buraxıb-buraxmayacaqlar, bəlli deyil. Hər halda Nemətin məsələsində qisas – onu həbs edənlərin aləmində xəyanətə görə qisas o qədər alovlu və dəhşətlidi ki, buraxacaqlarına inanmıram. Buraxsalar da, yenə də qisas üçün buraxacaqlar – ona azadlığı göstərəcəklər, əlini uzatmaq istəyən kimi, ocaqda qızdırılmış maşa ilə çırpıb, əllərini geri çəkdirəcəklər. Indi Nemətin içində özünün özüylə apardığı dəhşətli sorğu-sualı xəyalıma gətirməyə çalışıram. Bu, möhtəşəm bir romanın mövzusudu. “Mən kim idim, sonra kim oldum, daha sonra neynədim, indi kiməm və bu işlər mənim başıma nədən gəlir?..”.
Həbsdə olan gənc ərənlərdən biri, Rəşadət Axundovun yaxınlarda övladı gələcək dünyaya. Atasını yanında görməyəcək, hiss etməyəcək, öpüşlərindən qıdıqlanıb üz-gözünü büzüşdürməyəcək. Ama bu acı keçicidi, çox keçməyəcək, Rəşadət övladına qovuşacaq, üstəlik, onu azad vətəndə böyütmək fürsəti də olacaq. Natiq Güləhmədoğlu iki övladının doğum xəbərini ayrı-ayrı vaxtlarda məhbəsdə alıb… Dərd Nemətin dərdidi! Artıq nə ata var, nə ana! Heç zaman da onları görmək ehtimalı yoxdu. Və onun içində gedən dəhşətli sorğulama! Ölümün bir adı da elə budu – yoxluğun əbədiliyini dərk etmək…
Təkcə Nemətə yaşadılan bu acı bu rejimin nə qədər idbar olduğunu dərk etmək üçün geninə-boluna bəs eləyir. Ancaq bu, təkcə rejimin suçu və intiqamıdırmı? Zənnimcə, xeyr! Onun başına gələnlər təkcə rejimin əməli deyil, onun getdiyi yolda göz-görə büdrəməsidi. Görə-görə büdrəyənlərin bir gün nələrisə eşidib, ama görməmək qədəri var. Bizi hansısa məchul Tanrı deyil, içimizdəki Tanrı nəzarətdə saxlayır. Ona xəyanət edən kimi, səni heydərizm kimi cılız bir rejimin əliylə ağıllandırmağa çalışır. Nemətin də bunu anladığına əminəm. Hələ o, ziyanın yarısından dönənlərdəndi. Vay hələ də o yolu gedənlərə.