Bakıda fəaliyyət göstərən Azad Fikir Universiteti bağlanılıb. Bu barədə universitetin Facebook səhifəsində məlumat yerləşdirilib:
«Əziz dostlar! Bu gün səhər saatlarında Baş Prokurorluğun əməkdaşları heç bir məlumat vermədən Azad Fikir Universitetinə gələrək qapını möhürləyiblər və ofisi bağlayıblar. Hal-hazırda səbəbləri aydınlaşdırmağa çalışırıq».
Baş Prokurorluğun saytında Azad Fikir Universitetinin bağlanmasıyla bağlı hər hansı məlumat yer almayıb.
Azad Fikir Universiteti 2009-cu ilin oktyabrında fəaliyyətində başlayıb. Layihənin məqsədi məqsədi gəncliyin rahat toplaşaraq bilik əldə etməsi, demokratik dəyərlərlə tanış olması, sərbəst müzakirələr aparmasıdır. Layihə OL! Azərbaycan Gənclər Hərəkatı tərəfindən həyata keçirilir. Azad Fikir Universiteti indiyədək 200-ə qədər interaktiv mühazirə təşkil edib. 2010-cu ildə Azad Fikir Universiteti İnternetdə İfadə Azadlığı üzrə ilk illik diplomatik mükafatına layiq görülüb. 2011-ci ildə layihənin vebsəhifəsi MilliNet – Milli İnternet Mükafatının Elm və Təhsil kateqoriyası üzrə qalibi seçilmişdir.
AZAD FİKİR UNİVERSİTETİNİN TƏRƏFDAŞLARI KİMLƏRDİR?
Fəaliyyəti zamanı Azad Fikir Universiteti Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın Bakıda səfirlikləriylə yanaşı Milli Demokratiya Fondu (NDİ), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Demokratiya üçün Milli Dəstək Fondu, Amerika Birləşmiş Ştatları Alman Marşal Fondu ilə tərəfdaşlıq edib.
AFU-nun BAĞLANMAĞINA MÜNASİBƏTLƏR…
REAL Hərəkatının Məclis sədri Erkin Qədirli AFU-nun bağlanmağını Facebook-da belə şərh edir: ««Azad», «fikir» və «universitet» – hakimiyyətə yad olan, onun ən çox qorxduğu anlayışlar».
Gənc fəal Bəxtiyar Hacıyev yazır ki, NİDA-dan sonra AFU-ya təzyiqlər oldu: «Hökümət Azad Fikir Universitetinini bağlamaqdansa, bazar kimi pulla diplom, qiymət satan dövlət universitetlərini bağlasa daha yaxşıdır. Bəlkə də, yeni həbslər də olacaq. Sonra başqa təşkilatlara təzyiqlər başlayacaq».
Bloqqer Adnan Hacızadə isə «Allah AFU-nun qapısın açsın» yazır.
Azadlıqradiosu