Rəhim Qazıyevi həbs planı var

«Tam məsuliyyətimlə deyirəm ki, bunun arxasında mənim prezidentə yazdığım açıq məktubum durur»

Keçmiş müdafiə naziri Rəhim Qazıyev dünən Səbayel Rayon Polis Idarəsində ifadə verib. Sabiq nazir “Azadlıq”a açıqlamasında bildirib ki, Təhmasib Novruzovun şikayəti əsasında ifadə vermək üçün müstəntiq Ziya Əliyev çağırış vərəqəsilə onu idarəyə dəvət edib. Novruzov bir il əvvəl baş vermiş insidentlə əlaqədar şikayətçidir.
Rəhim Qazıyevin sözlərinə görə, o, dünən müdafiəçiləri Namizəd Səfərov və Qurban Məmmədovla birlikdə Səbail RPI-də ifadə verib: “Təhmasib Novruzov yazıb ki, hamıya bəlli olan video-süjetdən sonra guya, mən redaksiyanın dəhlizində ona şillə vurmuşam. Ifadəmdə də yazdım ki, mən ona nəinki şillə vurmamışam, heç buna cəhd də göstərməmişəm. Mənim ona barmağım da dəyməyib. Ifadəm qurtarandan sonra Təhmasib Novruzov gəldi, müəyyən ifadələr səsləndirərək, məni təxribata çəkmək istədi. Müstəntiq isə ona bu cür danışmağa icazə vermədi. Mənə qarşı guya, onun şərəf və ləyaqətini təhqir etməyimlə yanaşı, həm də xuliqanlıq maddəsilə ittiham irəli sürmək istəyirlər. Bu dindirmədən sonra günorta saatlarıda məni yenə idarəyə çağırdılar. Bu dəfə ”Səs” Informasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev gəldi. Onunla da üzləşmə oldu. O, ifadəsində dedi ki, Rəhim Qazıyevlə Təhmasib Novruzovun studiya otağından çıxdıqlarını gördüm. Həmin vaxt Rəhim Qazıyev söyüş söyürdü, onu saxlamaq istədim, amma o, məni itələdi və Təhmasib Novruzova şillə vurdu. Halbuki, mən studiyada müsahibəni yarımçıq qoyub çıxıb getmişəm. Bunlar “Səs”in əməkdaşlarından əvvəldən ifadə alıblar”.
Izahat və üzləşmə zamanı səhhətində problemlər yaranan Rəhim Qazıyevin xahişilə dindirmə yarımçıq saxlanılıb. Sabiq nazir deyir ki, bütün bunlar quramadır və siyasi sifarişlə həyata keçirilir: “Hamı bilir ki, mən belə şey etməmişəm, etmərəm də. Tam məsuliyyətimlə deyirəm ki, bunun arxasında mənim prezidentə yazdığım açıq məktub durur. Mən bir vətəndaş olaraq, prezidentə məktub ünvanlamışam. Bundan sonra başıma torba keçirib ”bondotdel”ə apardılar. Ağlıma yerləşdirə bilmirəm ki, bu təzyiqlər Ilham Əliyevin göstərişilə baş verir. Əgər həqiqətən belədirsə, çox təəssüf edirəm”.
Rəhim Qazıyev onu da əlavə edib ki, bütün təqib və təzyiqlərə baxmayaraq, geri çəkilməyək.

Bəyim Həsənli