Bu ailələr məhv edilmək üçün nəzərdə tutulub

Əməliyyatın necə və nə zaman həyata keçiriləcəyi isə bəlli deyil

Repressiya və təqiblər insanları Azərbaycandan didərgin salmaqdadır. Bir neçə ildir ki, Azərbaycan mətbuatında polis mayoru Emin Əhmədbəyovun tamamilə haqsız və qanunsuz olaraq həbsə atılması haqda materiallar səngimirdi. Onun həyat yoldaşı, polis zabiti Nigar Əhmədbəyova gözlənildiyinin əksinə olaraq, həbsə atılmış ərinin hüquqları uğrunda, sözün həqiqi mənasında müharibə aparırdı.
Nəhayət, mayor Emin Əhmədbəyov azad edildi, amma ona qarşı təqiblər səngimədi. O, ailəsini də götürüb ölkədən qaçmağa məcbur oldu…
Başqa bir epizod isə son 7-8 ay ərzində əsl linçlə hədələnən hüquq müdafiəçisi Ələkbər Məmmədovla bağlıdır. “Silahlı Qüvvələrə Ictimai Nəzarət Mərkəzi” adlı qeyri-hökumət təşkilatı yaradaraq orduda baş verən qanunsuzluqları, hərbi qulluqçuların üzləşdiyi Nizamnamədən kənar zorakılıqları, özbaşınalıqları ictimailəşdirən Ələkbər Məmmədov ölüm təhdidlərinin qarşısında duruş gətirə bilməyib Azərbaycanı gizli şəkildə tərk etməli oldu. Bizdə olan bilgilərə görə, onun qızının boğazına bıçaq dirəyib qorxutmuşdular.
Onlar hər ikisi ailələrini də götürərək getdilər. Amma deyəsən, rejim onlardan əl çəkmək niyyətində deyil.
Hər iki ailə müvəqqəti olaraq Ukraynada yerləşib və bu ölkədəki BMT nümayəndəliyinə sığınaraq üçüncü ölkəyə getmək üçün qeydə alınıblar. Indi onlar rəsmən qaçqın statusu alıblar. Amma Azərbaycanın hüquq-mühafizə orqanları Ukraynada olan həmkarlarına qeyri-rəsmi sorğu göndərərək, bu ailələrin orada yerləşdikləri ünvan məlumatlarını əldə ediblər. Əlbəttə, Ukrayna da o ölkələrdəndir ki, orada rəsmi qurumlarla qeyri-rəsmi ilişgilər qurmaqla istəniln əməliyyatı həyata keçirmək mümkündür. Hətta bir sıra Qərbi Avropa ölkələrində belə, “kürü diplomatiyası” işə yarayırsa, Ukraynada kürüyə ehtiyac qalmır və məsələni daha rahat həll etmək mümkündür. Buna görədir ki, məsələn, Emin Əhmədbəyovun, hətta əlaqə telefonlarını belə, əldə edərək, ona ciddi hədə-qorxu gəlməyə başlayıblar.
Azərbaycandakı inzibati təzyiq və təhdidlər qarşısında duruş gətirə bilməyərək ölkədən qaçmağa məcbur olan bu adamlar haqqında bu qədər müfəssəl məlumat hüquq-mühafizə orqanlarına nə üçün gərəkdir – bu, aydın deyil. Aydın olan budur ki, naməlum telefon zənglərini də işə əlavə etsək, prosesin kökündə qətiyyən sağlam epizod dayanmır. Həm də, rəsmi qurumlar bu bilgiləri qeyri-rəsmi yollarla əldə etməyə üstünlük verirlərsə, deməli, bu ailələrin taleyi tamamilə tükdən asılıdır.

Azad