dogum-evi-sokuntu

Abutalıbovun işçiləri doğum evindəkilərə şok yaşatdı

dogum-evi-sokuntu1 saylı doğum evinin bir hissəsi xəbərdarlıqsız sökülüb (VİDEO)

Aprelin 7-də Füzuli küçəsində yerləşən 1 saylı doğum evində tükürpədici olay baş verib. “Azadlıq”a məlumat verən qaynaq deyir ki, sözügedən xəstəxananın “Qış bulvarı”na görə sökülməsi planlaşdırılıb. Ancaq söküntü işlərinə baxan Icra hakimiyyətinin işçiləri heç bir xəbərdarlıq etmədən səhər saatlarında söküntüyə başlayıblar. Hətta iş o yerə çatıb ki, buldozer doğum evinin bir hissəsini yerlə-yeksan edib.
Hadisədən qorxuya düşən xəstəxananın işçiləriylə iş icraçıları arasında mübahisə yaranıb. Məlumatı verən şəxs deyir ki, doğum evinin sökülən hissəsində həmin vaxt əməliyyat nəticəsində doğulan 11 uşaq və onların anaları, 8 nəfər tibbi heyət olub: “Doğum evinə xeyli ziyan dəyib. Oksigen balonlarının partlamaq təhlükəsi olub. Iş icraçıları heç bir xəbərdarlıq etmədən bu olayı törədəndə həkimlər niyə belə etdiklərini soruşublar. Onlar da dedilər ki, tapşırıq yuxarıdandır. Prezidentin tapşırığıdır və müzakirə edilmir”.
Qaynağın verdiyi xəbərin dəqiqliyini yoxlamaq üçün ötən gün sözügedən ünvana getdik. Saat 16:00 olsa da, bizi qarşılayan gözətçi bu vaxtı rəhbərlikdən heç kimi tapa bilməyəcəyini dedi: “Burada yalnız tibb bacıları qalıb. Onlar isə heç nə danışa bilməzlər”.
Gözətçi bu olayın baş verib-vermədiyi barədə heç nə deyə bilməyəcəyini qeyd etdi.
Ondan ayrılıb xəstəxananın həyətində çəkiliş apardıq. Həqiqətən də doğum evinin “Qış bulvarı”na ən yaxın hissəsi tar-mar edilib. Ərazini toz-torpaq öz ağuşuna alıb. Bu isə körpələrin həyatı üçün olduqca təhlükəlidir.
Məsələylə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlamaq istəsək də telefonlarımıza cavab verən olmadı. Qarşı tərəfi də dinləməyə hazırıq…

Ramin DEKO