Dinməyəni bir gün susdurmaq olmur

Çoxlarının illərdir yanıldığı bir məsələ var. Elə hesab edirlər ki, Azərbaycan xalqı bu ötən dövrdə susubsa, dinməyibsə, hər cür haqsızlığa dözübsə, deməli, həmişə belə olacaq. Ancaq tarix də sübut edir ki, buna arxayın olan rejimləri Ərəb Baharındakı kimi çox ağır tale gözləyə bilər…
Ceyms Fenimor Kuperin məşhur “Sonuncu mogikan” əsərində bir nəfərin maraqlı təsviri var. Adam büzüşüb oturur, yanındakılardan heç nə ilə fərqlənmir, zəif və balaca görünür. Amma ayağa duranda, qamətini düzəldəndə onun necə boylu, nəhəng biri olduğu hər gün ona rast gələnlərin də diqqətini çəkir. Xalqlar da belədir, susub oturanda məzlum, miskin, zəif və xırda görünür. Ayağa qalxanda isə onun gücü hətta lazım olandan artıq və bəzən də qorxulu görünə bilir.
Bu dəyişiklik cəmiyyətin xarakterində daha qəribə tərzdə müşahidə edilir. Özlərinin ən əsas haqlarını belə tələb etməyən cəmiyyətin adamları birdən elə dəyişir ki, gözlərinə inanmırsan. Onlar hətta aşırı tələblərə keçirlər. Dünən hər cür problemdən əziyyət çəkib, “nə olsun, hər ölkədə problem var” deyən insanlar, baxırsan ki, az qala yağışın çox yağmasına görə də hakimiyyəti günahlandırmağa başlayırlar. Dəyişiklik bu qədər kəskin şəkildə baş verir.
Ən pis işə də şükür edən adamlar artıq bu işi özünə cəhənnəm sayır, əziyyətləri ilə barışmır. Işsizliyin azaldığını güman edən birisi isə nəhayət anlayır ki, o, aldadılıb və hələ də işsizdir. Bütün kəsimlərin öz narazılığı yaranır. Hərənin öz dərdi, öz səbəbi olur. Sual edilə bilər ki, niyə hər təbəqənin, hər qrupun öz narazılığı yaranır, hətta məmurların, iş adamlarının da? Niyə?
Çox sadə səbəbdən yaranır bunlar. Qazanc uğrunda döyüş gedirsə, təmərküzləşmə gedir – canavarlar təkcə quzuları yemir, zaman uzandıqca tülküləri, təkələri də yeməyə başlayır. Yalnız demokratik idarəçilik mürəkkəb sistem olan cəmiyyətdə hamını əhatə edən ədalətli şəraiti tənzimləyir, qalan hallarda get-gedə ədalətsizlik böyüyür, getdikcə fəsadlar artır, əziyyətlər çoxalır, narazılıqlar artır. Təbii ki, narazılığı dilə gətirənlər də artır. Nəticədə də biz fərqli düzəni görməyə başlayırıq – cəmiyyətin əziyi-büzüyü açılır, dünən susan toplum bu gün susdurulması mümkün olmayan bir hala gəlir.
Azərbaycanda məhz bu proses başlayıb – dinməyən xalqın susmaq bilməyən hala gəlməsi. Baxın, Ilham Əliyev nazirləri bölgələrə məhz buna görə yollayır. Öz qərarı deyil bu. Yeni prosesin ilkin həmlələri məcbur edir buna. Dəri corab geyinib paytaxtda qalib kimi gəzən nazirlər əvvəllər niyə çarıq geyinib bölgələri gəzmirdilər? Birdən-birə bu nə kampaniyadır? Nə oldu bəs, illərlə analoqsuz inkişaf getdi, xalq da bunu dəstəklədi, amma birdən də inkişafın müəllifləri rayonlara xalqın şikayətlərini dinləməyə gedirlər?! Inkişaf gedibsə, xalq dəstək veribsə, bəs bunlar nə şikayətlərdir?
Gerçəyi götürsək, nazirləri bölgələrə, adamların şikayətlərini dinləməyə Ilham Əliyev yollamayıb. Xalqın səsini ucadan çıxarmasıdır buna səbəb. Ilham Əliyevin özünü hərəkətə gətirib baş verənlər. Təbii ki, bunlar növbəti imitasiyadır, baş aldatmaqdır. Amma xalqın şikayətini səmimi dinləmək belə prosesi dayandıra bilməz. Şikayətin dinlənilməsi onu səsləndirənlərin daha ucadan danışmasına gətirəcək. Qorxutmaq da, dinləmək də nəticə vermir, əyilib-büzüşmüş toplum ayağa qalxır. Görünən budur – iqtidardan, müxalifətdən, Rusiyadan, Qərbdən, Irandan asılı olmayan bir proses!