Yerevanda polislə nümayişçilər arasında toqquşma

Yerevanda müxalif prezidentliyə namizəd mitinqdən sonra izdihamı prezident iqamətgahı yerləşən Bağramyan prospekt istiqamətində yürüşə aparıb.

Nümayişçilər “Hayastan!” qışqırıb və Serj Sarkisyanı istefaya çağırıb.

Prezident iqamətgahı yaxınlığında nümayişçiləri böyük sayda xüsusi təyinatlı polis qarşılayıb.
Dəyənəklərlə və xüsusi vasitələrlə silahlanmış bir neçə cərgə yüzlərlə polis əməkdaşları yolu kəsiblər.
Bağramyan prospektində minlərlə insan və polis qarşılaşıb. Polis insanları sıxışdıraraq geri qaytarmağa çalışıb.
Axşam saat 8-də Yerevan polisi elan edib ki, prezident iqamətgahı qarşısından yürüş keçirmək üçün icazə verilməyib. Bundan başqa, bəzi “qeyri-qanuni” nümayiş iştirakçıları tərəfindən asayişi pozmaq cəhdləri edilir. Polis nümayiş iştirakçılarını dağılmağa çağırır, əks təqdirdə güc tətbiq ediləcəyini bildirir. İzdiham bir-birinə qarışıb. Raffi Hovhannisyanın nümayişçiləri Soyqırım Kompleksinə aparacağı haqda polis rəhbərliyi ilə danışıqları nəticə verməyib. Polis onları prezident binası qarşısından keçməyə buraxmayıb. Yerevan şəhər polis rəisi Nerses Nazaryan nümayiş iştirakçılarına deyib ki, Raffi Hovhannisyan ciddi iğtişaşdan çəkinmək üçün izdihamı dolayı yolla soyqırımı xaturə abidəsi yanına istiqamətləndirmək qərarına gəlib.
Saat 19-da nümayişçilərlə polis dəstələri hələ üz-üzə dayanıblar. Bəzi nümayişçilər polis cərgələrini yarmağa bir neçə uğursuz cəhd ediblər. İrs Partiyası sədri Raffi Hovhannisyanın müavini, millət vəkili Ruben Hakobyan polisin səsucaldanı vasitəsilə camaatı “təxribata varmamağa” çağırır. Daha əvvəl mitinqdə keçmiş prezidentliyə namizəd Raffi Hovhannisyan Serj Sarkisyanın prezidentliyini tanımadığını bəyan edib və mitinq iştirakçılarını prezident iqamətgahı istiqamətində yürüş etməyə çağırıb. Seçkilərdə prezident Serj Sarkisyan 59 faiz səslə qalib gəlib və ikinci 5 illik prezidentlik müddəti üçün bu gün and içib. O, ölkədə demokratiyanı inkişaf etdirəcəyinə və ölkənin təhlükəsizliyinin təmin olunacağına söz verib. Onun opponenti, Amerikada doğulmuş siyasətçi Raffi Hovhannisyan seçkilərdə səslərin 37 faizini qazanıb. O, seçkilərdə səslərin oğurlandığını bildirib, aclıq aksiyasına çıxıb və Sarkisyanı istefaya çağıran etirazlara rəhbərlik edib. Beynəlxalq müşahidəçilər seçkilərdə rəqabət çatışmazlığı olduğunu desələr də, onun legitimliyini şübhə altına almayıblar.Ötən həftə məhkəmə Hovhannisyanın nəticələrlə bağlı apellyasiya ərizəsini rədd edib.