Erməni əhatəsindəki kəndə Azərbaycan hökumətinin çəkdirdikləri
“Azadlıq” qəzetinin reportyor heyəti Qazax rayonun düşmənlə həmsərhəd kəndi – Quşçu Ayrımda olub. Bu kənd ermənilər tərəfindən işğal olunsa da, qoşunlarımız sonra onu geri qaytarıb. Bu gün kənd üç bir yandan erməni silahlı qüvvələrinin əhatəsindədir. Kənd, demək olar, hər gün atəşə tutulur. Bu cür gərgin vəziyyətdə insanlar güllə təhlükəsindən daha çox sosial bəlaların ağırlığından müxbirimizə şikayətləniblər.
Onlar iddia edir ki, yerli məmurlar kəndə saymazyana münasibət göstərir. Əhaliyə ünvanlı sosial yardımlar rüşvətlə verilir, kəndin bərpası üçün ayrılan dövlət vəsaiti kənd icra nümayəndəsi Elman Nəsibov tərəfindən mənimsənilir.O da deyilir ki, Nəsibovu “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov himayə edir və Nəsibov şikayət edənləri onun adı ilə qorxudur.
“Azadlıq”a danışan kəndlilər qışda qapi-pəncərəsi olmayan, damı yağışı-qarı saxlamayan evlərdə yaşadıqlarını, pulsuzluq ucbatından balalarının üzünə baxa bilmədiklərini və başqa problemlərini dilə gətiriblər.
Əməkdaşımız Natiq Güləhmədoğlunun ordan hazırladığı videomaterialları təqdim edirik.


