Masallıda müdhiş korrupsiya

Sakinlərdən yığılan qaz pulları mənimsənilib

 

Masallı sakinləri kütləvi aksiyalara başlaya bilər. Buna səbəb qaz idarəsinin sakinlərdən işlətmədikləri qazın pulunu almaq cəhdində bulunmasıdır. Masallı sakinləri “Azadlıq”a bildirib ki, rayon artıq bir neçə aydır sayğac sisteminə keçib: “Bütün rayonda hər evdə sayğac quraşdırılıb. Biz də sayğac nə yazırsa, o qədər pul veririk. Lakin bu günlərdə bütün evlərə bildiriş paylanıb. Bütün bildirişlərdə sakinlərə 150-200 manat məbləğində borc yazılıb. Bizə məlum deyil ki, bu borc hardan yığılıb”.
Sakinlərin sözlərinə görə, qaz pulu yığanlar bildirişin hansı əsasla paylandığını izah etməkdə çətinlik çəkirlər. Lakin rayonda yayılan məlumatlara görə, qaz idarəsinin bu addımı müdhiş korrupsiya faktını ört-basdır etmək məqsədi daşıyır. Məlumatlarda deyilir ki, əhalidən yığılan qaz pulu mənimsənilib. “Yuxarılar”a isə bildirilib ki, pul hələ yığılmayıb. Bir qədər keçəndən sonra “yuxarılar” bu məsələnin üzərinə ciddi düşüblər və qısa müddətdə əhalidən qaz pulunun yığılmasını tələb ediblər. Bildiriblər ki, əks-təqdirdə Masallıya qaz verilişi dayandırılsın. Bundan qorxuya düşən qaz idarəsinin rəhbərliyi tələsik əhaliyə məlum bildirişləri paylayıb və onlardan yığılan pulların hesabına mənimsənilən məbləği kompensasiya etməyi düşünüb.
Məlumatlarda vurğulanır ki, mənimsənilən məbləğ milyonlarla manat təşkil edir. Qaz idarəsi rəhbərliyinin bu qədər vəsaiti təkbaşına mənimsəməsi inandırıcı görünmür. Ehtimal etmək olar ki, pul rayonun digər rəhbər şəxsləri ilə birgə “aradan çıxarılıb”.
Masallı sakinləri isə heç bir halda bildirişlərdə göstərilən məbləği ödəməyəcəklərini bəyan edirlər. Onların sözlərinə görə, əgər qaz idarəsinin rəhbərliyi bu məsələdə israrlarını davam etdirsə, kütləvi aksiyalara başlayacaqlar.

 

İnformasiya şöbəsi