Məhbus siyasətçinin ağır vəziyyətdə olan anasına baş çəkməsinə icazə veriləcəkmi?
Milli-Azadlıq Hərəkatının öncüllərindən olan və hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Nemət Pənahlının anasının vəziyyəti ağırdır. Məhbus siyasətçinin xəstəxanada olan anası Sara Pənahlı ilə görüşünə isə hələ də icazə verilməyib.
N.Pənahlının həyat yoldaşı Həcər Pənahlı Penitensiar Xidmətin rəhbərliyilə yanaşı, dövlət başçısı Ilham Əliyevə də müraciət edərək, onun anası ilə görüşməsinə icazə verilməsini xahiş edib.
Nemət Pənahlının qardaşı Səməd Pənahlı isə bir neçə gün əvvəl “Azadlıq”a açıqlamasında bildirmişdi ki, bir müddət əvvəl atası dünyasını dəyişəndə qardaşına bir günlük də olsa, hüzr mərasimində iştirak etməyə şərait yaradılmadı. Buna görə də indi qardaşının anası ilə görüşünə icazə verilməsi üçün Penitensiar Xidmətə rəsmi müraciət etməyib.
Dünən bir daha Səməd Pənahlı ilə əlaqə yaradıb icazə məsələsində yenilik olub-olmadığını soruşduq. Səməd Pənahlı bildirdi ki, sonradan Penitensiar Xidmətə rəsmi müraciət edib. Amma müraciətə necə cavab veriləcəyini bilmir: “Nemətin anamla görüşünə icazə verilib-verilməyəcəyini bilmirəm. Bu barədə indidən heç nə deyə bilmərəm”.
Nigar


