Neft var, qaz var, amma ədalət yoxdursa…

Ilham Əliyev Bakıda işə başlayan I Dünya Iqtisadi Forumundakı açılış nitqində Avropaya 100 ilə bəs edəcək qaz ehtiyatımızı xatırlatdı. Açması çox sadədir bu xatırlatmanın: “Siz mənim yoluma çıxmayın, mən də sizi soyuqdan donmağa qoymayım”.
Əslində yeni fənd də deyil bu.
Yaptokratiyanın bütün çətin situasiyalarda, dar ayaqda, çarəsiz vaxtlarda neft və qazın kəramətinə sığındığını çox görmüşük. Təbiətin bu ölkəyə lütfü olan sərvətlərlə Qərbi şirnikləndirməyə, ya da şantaja çalışmaq – rejimin bundan artığına gücü çatmır.
Indiyədək neft-qaz bazarlıqları işlərinə az yaramayıb. Bu rejimin uzunömürlülüyünə görə başqa heç nəyə borclu deyillər. Amma bundan sonra da belə olacağına mənim inamım çox azdır. Artıq fərqli rüzgarların əsdiyi bir dünyada yaşayırıq. Xalqların iradəsini zorlayan, çağa qarşı dirənən, gücünü korrupsiyadan, basqıdan alan rejimlərin dinc, firavan bir dünya üçün necə dəhşətli təhdidə çevrildiyini hər kəs gözəl anlayır.
Artıq belə rejimlərlə işbirliyi içində olmaq, gizli, kirli sövdələşmələrə girmək tənədən, qınaqdan başqa heç nə qazandırmır.
Digər tərəfdən də biz tədricən neftin, qazın Qərb üçün əvəzedilməz, vazkeçilməz olduğu dövrün sonuna qədəm qoyuruq. Dünən bu mövzuda iqtisadçı dostumuz Natiq Cəfərlinin dəyərli qeydləri vardı sosial şəbəkədə, sizinlə də paylaşmağı lazım bildim.
BIR: Avropa, Qərb yeni texnoloji inqilab ərəfəsindədir, neft və qaz istehlakı azalır, yeni dönəm başlayır, həm də, “slans qazı” artıq Avropaya ciddi təsir edir;
IKI: Avropanın keçən il qaz istehlakı, təqribən 550 milyard kub olub, Azərbaycan TANAP vasitəsi ilə, ən yaxşı halda Avropaya ildə 15-20 milyard kub qaz sata biləcək, bu da Avropa istehlakının 1-2% təşkil edir. Elə isə Azərbaycanın “100 il Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağından” danışmaq qədər gülməli nə ola bilər?
ÜÇ: Hakimiyyətin ümidi odur ki, neft gəlirləri azalandan sonra, 2017-18-ci illərdə qaz gəlirləri ilə bunu kompensasiya edəcəklər. Nağıldır, yuxudur, şirin arzudur, 1-cisi, qazın qiyməti sürətlə düşür, düşməkdə də davam edəcək, 2-cisi, Polşa və Almaniya “slans qazının” istehsalına gələn il başlayacaq (həmçinin, Çin də), 3-cüsü, ABŞ artıq 2 ildir ən böyük qaz istehsalçısına çevrilib, gələn ildən Avropaya “sıxılmış qaz” ixracına başlayacaq ki, bu da qiymətləri daha da aşağı salacaq.
DÖRD: Azərbaycanda kimin hakimiyyətdə olmağından asılı olmayaraq, bütün enerji resursları Avropaya, Qərbə satılacaq, həm infrastruktur o yöndədir, həm ən varlı, normal, öhdəliklərinə əməl edən müştərilər oradadırlar. Hər halda özü yetərincə neft-qaz ehtiyatlarına sahib Irana, Rusiyaya, Türkmənistana qaz satası deyilik.
Bir sözlə, ənənəvi neft-qaz ritorikası ilə artıq rejimi qoruyub-saxlamaq müşkül məsələdir. Bizimkilər isə bu ritorikanı ona görə davam etdirmirlər ki, ətraflarında nələrin baş verdiyinin fərqində deyillər. Yox. Sadəcə, başqa heç bir ümidləri qalmayıb.
Heç Irandan “islam inqilabı”nın idxal ediləcəyi, Rusiyadan gözlənilən “işğal təhlükəsi” kimi kartlar da artıq yaptokratlara kömək etmək gücündə deyil. Çünki azadlıqları boğmağa, demokratiyanı yox etməyə, çağdan kənara çıxmağa davam edirsənsə, sən özün artıq bir təhlükəsən!
Həm də indiyədək o qədər total yalan danışıblar ki, artıq yalnız xalq arasında deyil, dünyada belə inandırıcılıqlarını itiriblər. Daxildə Qərb institutlarına, dəyərlərinə savaş açaraq, sonra da gedib “Iran, Rusiya bizi sendviç kimi əzirlər” deyərək Qərbdən yardım yalvararsansa, sizə kim inanar? Kim sizə etibar edər?
Neft-qazınız var, amma ədalətiniz yoxdursa, sonunda nə olacağı bəllidir.
Necə ki, artıq Liviyada oldu.