Ictimai televiziyaya 8 il qabaq keçirilən “seçki”də bir neçə jurnalistlə birgə mən də iştirak etmişdim. Gözlənildiyi kimi, bu, seçki yox, Prezident Aparatından gələn sifarişin təsdiqi idi. Cahangir Məmmədlinin başçılıq etdiyi şura Azərbaycan ictimaiyyətinin “müstəntiq-jurnalist” ayaması verdiyi Ismayıl Ömərovun direktorluğu üçün yuxarıdan gələn qərara imza atmağa toplaşmışdı.
8 ildən sonra həmin qərarı bir daha təsdiqləmək gərəyi yaranıb – qanun bunu tələb edir. YAP iqtidarının tüpürmək belə istəmədiyi qanun. Məncə, bütün başqa qanunlar kimi onda dəyişiklik aparıb ITV direktorluğunu da ömürlük etmək gərəkdir. Çünki keçən illər Prezident Administrasiyasının seçiminin “doğru” olduğunu təsdiqlədi. Ona görə ki, beynəlxalq təşkilatların, Azərbaycanın demokratik kəsiminin uzun illər apardığı mübarizə nəticəsində yaranan Ictimaini Ismayıl Ömərov böyük uğurla ikinci AzTV-yə çevirməyi bacardı. Ancaq bu işdə Yayım Şurasının (bundan sonra YŞ – R.H.) “əməyini” qeyd etməmək insafdan olmaz.
Niyəsini izah edim. “Ictimai Televiziya və Radio yayımı haqqında” qanunda deyilir ki, YŞ ən azı 6 ayda bir dəfə iclas keçirməli, ildə bir dəfə öz fəaliyyəti barədə ictimaiyyətə hesabat verməli və bu hesabatı mətbuatda dərc etdirməlidir. Mətbuatda hesabatları görməsək də bu günlərdə ITV-nin saytında “Ictimai Televiziya və Radio Yayımları Şurasının 2012-ci il mart 2013-cü il mart ayı dövründəki bir illikÿfəaliyyəti barədə hesabatı” adlı sənəd yerləşdirilib. Yayım Şurasının “hesabat” adı verdiyi sənədin bəzi hissələri ilə sizin də tanış olmağınızın fayda verəcəyi qənaətindəyik. Beləliklə, buyurun tanış olun:
“…Müstəqil düşüncə tərzi və şairlik keyfiyyətləri ilə seçilən Ramiz Rövşən, Salam Sarvan, Aqil Abbas, Baba Vəziroğlu, Vahid Əziz, Rəşad Məcid, Yaşar Əliyev, Nəriman Həsənzadə və başqalarının ”Səhər sovqatı” verilişində qonaq olması milli-maarifçiliyin həyata keçirilməsinə çox kömək etmişdir(?!)”. Bu cümlə YŞ-nin səviyyəsinin göstəricisi sayıla bilər. ÿ
“…Ictimai teleradionun yeni köməkçi binası tamamilə təmir edilmiş, burada əlavə bir neçə müasir tipli studiya yaradılmışdır. Bu studiyaların bir çoxu artıq istifadədir. Təmir olunmuş yeni binada əməkdaşların istirahəti, idmanla məşğul olması, televiziyaya gələn qonaqların qəbul edilməsi üçün hər cür şərait yaradılıb. Teleradionun həyətində inşa edilməkdə olan avtomobil qarajı əməkdaşların və qonaqların istifadəsinə veriləcək.
Yayım Şurası Ictimai teleradio şirkətinin Baş direktoru I.Ömərovun bu teleradionun fəaliyyət mahiyyətini doğru qurduğunu və onun ictimailik prinsipini daim diqqətdə saxladığını bir daha nəzərə çatdırmağı vacib sayır.
I.Ömərov Ictimai Televiziya və Radio Yayımları Şirkətinin çox tez bir zaman kəsiyində qurulması və fəaliyyətə başlamasını təmin etmiş, şirkətin ətrafında işgüzar, peşəkar, vətənpərvər jurnalist kollektivi formalaşdırmış, teleradionun ictimai xarakterinin, proqram strategiyasının qurulması işinə rəhbərlik etmiş, çox ciddi yaradıcılıq atmosferinin yaradılmasına nail olmuşdur. Onun kollektivə rəhbərlik prinsipi Yayım Şurasının tələblərinə tamamilə cavab verir. Teleradionun beynəlxalq əlaqələri, yeni layihələrin gerçəkləşməsi, peşəkarlığın təmin olunması kimi faktlar I.Ömərovun şəxsi qabiliyyətinin, peşəkarlığının məntiqi nəticəsidir. Təsadüfi deyil ki, peşəkar fəaliyyətinə görə I.Ömərov bir çox beynəlxalq yaradıcılıq və elmi təşkilatın üzvü seçilmiş, müxtəlif mükafatlarla təltif edilmişdir.
I.Ömərov Ictimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru kimi öz yaradıcılıq, peşəkarlıq göstəriciləri ilə nəinki Azərbaycan cəmiyyətində, habelə beynəlxalq aləmdə geniş nüfuza malikdir. O, indiyə qədər beynəlxalq demokratik təsisatların bir neçə mükafatına layiq görülüb”.
Belə yaltaqlıq nümunəsini paylaşdığıma görə oxuculardan üzr istəməyi özümə borc bilirəm və daha bir sitatla yazını bitirirəm. Çünki bu “dəyərli hesabat”da YŞ özünü də unutmur: “Məlumdur ki, Yayım Şurasının üzvləri, bir qayda olaraq, heç bir dövlət işində (elmi-pedoqoji fəaliyyət istisna olmaqla) işləmir. Onların hamısı ictimai təşkilatlarda çalışırlar. Şura üzvləri Ictimai teleradioya maaşsız, təmənnasız xidmət göstərirlər”.
YŞ bununla cəmiyyətə yalan satır. Bu şuranın üzvü Ağacan Abıyev həm də hakim partiya olan YAP-ın üzvüdür. Maaş məsələsi isə növbəti yalandır. Çünki qanunda birmənalı şəkildə yazılıb:
“20.9. Yayım şurasının üzvlərinə Ictimai Televiziya və Radio Yayımları Şirkətinin büdcəsindən ildə bir dəfə Baş direktorun bir aylıq vəzifə maaşı həcmində pul verilir”. Görünür, ildə bir dəfə veriləni YŞ pul saymır.
“Hesabat”da bir kəlmə də olsun tənqidi fikir yoxdur. Bu “hesabat”ı daha çox Ismayıl Ömərovun növbəti sədrliyinə təqdimat saymaq olar.

Yayım Şurasının yalanı
•