Əvvəl-əvvəl xalq qorxurdu. Ucdantutma qorxurdu. Hətta evinin içində hakimiyyət haqda ən yumşaq şəkildə tənqidi danışmaqdan da qorxurdu.
Bir dəfə evimə bir qonaq gəlmişdi. Dövlət idarələrinin birində xırda vəzifə tutur. 150 manat maaş alır. Təbii ki, söhbət hərlənib-fırlanıb rejimin üstünə gəldi. Ad və adlar çəkilməyə başladı (Inanın ki, artıq bu adları çəkmək belə istəmirəm, ürəyim bulanır. Insan təkcə sevmək, öyünmək, fəxr etmək üçün deyil, hətta iyrənmək üçün də yeni adlar axtarır). Birdən hiss elədim ki, qonaq gözünə döndüyüm, susub, daha danışmır, rəngi bozarıb, az qala çətinliklə udqunur, çay stəkanı əlində quruyub qalıb. Bayaqdan ümumi mövzularda dil boğaza qoymayan qonağın sanki nəfəs yoluna su getmişdi, nə nəfəs ala, nə nəfəs verə bilirdi.
Hiss elədim. Ancaq yenə də o qədərinə inanmadım və üzümdə təbəssüm ehtiyatla soruşdum: “Qardaş, nədi, niyə dilin tutuldu, yoxsa, qorxursan?”. Gerçəkdən elə bil ona can verdim. Üzü çox ciddi ifadə aldı, “divarların da qulağı var”,- dedi. Üstəgəl mənə çox mühüm bir xəbər çatdırmaqla böyük bir yaxşılığa imza atmış kimi özünü çəkdi: “Xəbərin yoxdu” Telefonlara filtr qoyublar. “Ilham”, ya “nəşə” de, gör bir dəqiqədə başının üstünü kəsdirirlər, ya yox!”. Uğundum, qonağa təşəkkür etdim. Ancaq günümüzü düşünüb halımıza acıdım. Bundan sonra qonaq sanki üzünü “divarların qulağı”na tutub, hakimiyyəti o ki var tərifləməyə başladı.
Indi o qonaqla qarşılaşanda söhbətimiz rəvan keçir. Deyəsən, filtr məsələsini yaddan çıxarıb. Kişi oğlu kişi olub.
Bu söhbəti isə mənə bir qohumum danışdı. Bir gün o, ellimizlə qarşılaşır. Elli soruşur: “Qardaşoğlunun bu günkü yazısını oxuyubsan?”. “Nə yazıb?”. “Vallah iki abzas oxudum, sonra böyür-başıma baxıb tez qəzeti (”Azadlıq”) cırdım, heç kimin görmədiyinə əmin olanda atdım bir qırağa, dedim görüb özümü basarlar içəri. Ona de ki, ehtiyatlı olsun”. “O, söz eşidir ki?”. “Onda nəslin ağsaqqalına de, onu başa salsın!”.
O gün eşidirəm ki, bu elli üsyandan-zaddan danışırmış. Hətta camaatı qorxaqlıqda, bir olmamaqda suçlayırmış…
Əvvəllər də əsgər ölümləri vardı. Hərəsini bir cür öldürüb adını qoyurdular ki, şəhid oldu. Sonuncu həlak olan əsgər Elman Yaqubov kimi. Valideynlər bunu bilirdi, ancaq susurdular. Çünki qorxurdular ki, onları da “şəhid” övladlarının yanına göndərərlər.
Artıq dövlət məmurları özləri allahsızlıqdan danışırlar.
Artıq xalq qorxmur, gənclik qorxmur. Qocalar vaxtilə susduqları hala indi özləri rişxənd eləyirlər. Bu cür ayılmış xalq bir də qorxmayıb seçkiyə getsə və küll halında seçim eləsə, o zaman nə qədər saxtalaşdırma olur-olsun (ki, bu, mütləq olacaq), yenə də rejim çox çətin duruma düşəcək, hələ bəlkə o dünyalıq da oldu.
Və artıq xalqı qorxudanların özləri qorxmağa başlayıb. Iri-iri məmurları bölgələrə göndərib ev-ev gəzdirir, camaatı dilə tutmağa çalışırlar. Tapşırıq verirlər ki, çalışın əhalini narazı salmayın. Ancaq mümkün deyil. Çünki mövcudluğu başdan-ayağa cinayət: rüşvət, korrupsiya, qəsbkarlıq, qanunsuzluq üstündə qurulan, məmuruna qəpik-quruş maaş verib onu cinayətə sövq etməklə yaşadan sistemdə vətəndaşın razılığından söhbət gedə bilməz. Ev-ev yox, ürək-ürək gəzib dilə tutasan, yenə də xeyri yoxdu!
Bu yandan da bu offşor söhbəti məsələni lap qəlizləşdirib. Yox, onlar qorxmur ki, xalq talan olunan malına görə ayağa qalxacaq. Dəhşət doğuran dünya mediasının bu məsələni, xüsusilə də Azərbaycanın hakim ailəsinin adıyla bağlı hissəni ayrıca qabartması və hər gün bir az daha üstünə getməsidi. Onlar yaxşı bilir ki, bu nəhəng media şəbəkəsi dünyanın idarə edən siyasi və iqtisadi güclərin əlindədi. Və bu xəbərlərin üstünə bu cür gedilirsə, deməli, kimlərinsə adlarının üstündən qara xətt çəkilib. Kim olsa, qorxardı. Görək, dünənəcən xalqın tərəfində olan bu qorxu yeni ünvanda özünü necə hiss edəcək. Mənim dəqiq bildiyim budur: qorxaqlardan qorxmağa dəyər… Ancaq müvəqqəti…

Qorxandan qorxmaq
•
•