Rəhim Qazıyev polisə çağırıldı

Hakimiyyət sabiq müdafiə nazirinin Ilham Əliyevə məktubunu həzm edə bilmir   

Sabiq müdafiə naziri Rəhim Qazıyev Səbayel Rayon Polis Idarəsinə çağırılıb. Bu barədə “Azadlıq”a Rəhim Qazıyevin özü məlumat verib: “Səbayel Rayon Polis Idarəsinin baş müstəntiqi Ziya Əliyevin imzası ilə mənə bildiriş gəlib. Sabah (bu gün) gedəcəm.
Polis idarəsinə çağırılmağıma əsas kimi bir il əvvəl Təhmasib Novruzovla debat zamanı yaşanmış insidentdir. Bir ildən sonra Təhmasib Novruzov dərk edib ki, mən onun şərəf və ləyaqətini təhqir etmişəm və məndən şikayət edib. Əslində isə polisə çağırılmağımın səbəbi başqadır”.
Rəhim Qazıyev bildirib ki, polisə çağırılmasının əsl səbəbi Ilham Əliyevə yazdığı məktubdur: “Bu məktubdan sonra məni ”Bandotdel”ə apardılar. Bu barədə mətbuatda da geniş məlumat gedib. Görünür, bununla kifayətlənmək istəmirlər. Ona görə də Təhmasib Novruzovu qabağa veriblər”.
Sabiq müdafiə naziri deyib ki, o belə təzyiqlərdən çəkinmir və ölkə başçısına yeni məktub hazırlayır.