“Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Aprelin 8-də “Media forum” saytına açıqlamasında İlkin Rüstəmzadə deyib ki, istintaq idarəsindən ona müstəntiq İbrahim Ləmbəranski zəng edib: “O, aprelin 9-u saat 10-na məni istintaqa ifadə verməyə çağırdı. Müstəntiq məni “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin işi ilə bağlı ifadə verməyə çağırdığını bildirdi”.
“Nida” Vətəndaş Hərəkatının yeddi üzvü – Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı həbsdədir. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onlara Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə ittiham irəli sürüb.