Məhkəmə Zaur Qurbanlının həbsinə qərar verib, amma ortada cinayət işinin materialları yoxdur…
“NİDA”çı gənclərdən Zaur Qurbanlı aprelin 1-dən həbsdə olsa da, onun barəsində cinayət işi yoxdur. Hər halda, dünən Bakı Apelyasiya Məhkəməsində hakimlər kollegiyası gənc fəalın vəkillərinə Zaur Qurbanlı ilə bağlı cinayət işinin materiallarını təqdim edə bilməyib.
Bu barədə “Azadlıq”a məlumat verən vəkil Aslan İsmayılovun sözlərinə görə, hələ bir neçə gün əvvəl Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayev gənc fəalın barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar verəndə də, ortada cinayət işinin materialları olmayıb. Həmin vaxt gənc fəalın digər vəkili Xalid Bağırov hansı sübutlar əsasında həbs qərarı verildiyilə maraqlansa da, məlum olub ki, ümumiyyətlə, məhkəmədə cinayət işinin materialları yoxdur.
Nəsimi Rayon Məhkəməsinin sözügedən qərarından verilən apelyasiya şikayətinə dünən saat 12.30-da hakim Əflatun Qasımovun sədrliyilə baxılarkən gənc fəalın vəkilləri Xalid Bağırov və Aslan İsmayılov ərizə ilə məhkəməyə müraciət edərək, cinayət işinin materiallarını istəyiblər. Məlum olub ki, birinci instansiya məhkəməsində olduğu kimi, indi də məhkəmədə cinayət işinin materialları yoxdur. Vəkillər bununla əlaqədar iradlarını bildiriblər, məhkəmənin iş materialları olmadan nəyin əsasında bir gəncin həbsinə qərar verdiklərini soruşublar. Məhkəmə prosesində iştirak edən müstəntiq bildirib ki, prokurorluğun təqdimatı var və bunun əsasında qətimkan tədbiri seçilir. Vəkillər buna etiraz ediblər, cinayət işinin materialları olmadan kiminsə həbsinə dair qərar verilməsinin yolverilməzliyini məhkəmənin nəzərinə çatdırıblar.
Vəziyyətin qəlizləşdiyini görən hakim Əflatun Qasımov saat 15.30-a qədər təxirə salıb. Saat 16.00-da isə vəkillərə bildirilib ki, məhkəmə prosesinin davamı bu gün keçiriləcək.
Aslan İsmayılov hesab edir ki, məhkəmə iş materiallarını “düzüb-qoşmaq” üçün bu yolla vaxt qazanmaq istəyir. Məhkəmənin ortada cinayət işinin materialları olmadan həbs qərarı verməsilə ilk dəfədir rastlaşdığını deyən vəkilin sözlərinə görə, bu mənzərə həm də Azərbaycanda məhkəmə sisteminin necə rəzil durumda olduğunun göstəricisidir.
“Belə çıxır ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevə göstəriş verilib ki, Zaur Qurbanlını tut, o da tutub. Bilmir ki, onun həbsi üçün sübut var, yoxsa yox. İndi addımı Bakı Apelyasiya Məhkəməsində də atmaq istəyirdilər, biz etirazımızı bildirdik. İndi sabaha (bu günə-red.) qədər vaxt qazanıb, nəsə düzüb-qoşmağa çalışırlar. Elə məhkəmədə də dedik ki, vətəndaşlara hörmət eləmirsinizsə də, heç olmasa, özünüzə hörmət eləyin. Görün prokurorluq məhkəməyə qarşı nə qədər saymazyana yanaşır… Əgər məhkəməni saysaydı, qanunun tələbinə uyğun olaraq, məhkəməyə sübut-dəlil təqdim edərdi”, – deyə Aslan İsmayılov əlavə edib.
Aytən Məmmədova


