Gülər Əhmədovanın Elşad Abdullayevdən bir milyon dollar aldığını etiraf etdiyi bildirilir
Sabiq deputat Gülər Əhmədova fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin “mandat alveri” ilə bağlı ittihamlarını əsassız sayması hər kəsə bəllidir. Gülər Əhmədova bu məsələ ilə bağlı açıqlamalarında Elşad Abdullayevin yaydığı videoların montaj olduğunu, sabiq rektordan deputat seçilməsi üçün bir milyon dollar istəmədiyini iddia edib.
Lakin dünən yayılan bir məlumat sabiq deputatın bu iddialarını şübhə altına alıb. Söhbət Gülər Əhmədova barədə 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyi Səbayel Rayon Məhkəməsində baş verənlər barədə məlumatlardan gedir. “Yeni Müsavat”ın yaydığı həmin məlumatlarda bildirilir ki, fevralın 13-də keçirilən proses zamanı Gülər Əhmədova azadlıqda qalmaq üçün öz son şansından da istifadə etmək istəyib. O, prosesə sədrlik edən hakim Elnur Həsənova deyib ki, Elşad Abdullayevdən 1 milyon dollar alıb və onu qaytaracaq. Sabiq deputat bu etirafdan sonra məhkəmədən onun barəsində həbs tədbiri seçməməyi xahiş edib. Amma hakim onun bu etirafına məhəl qoymayıb. Çünki həmin tarixdə Bakı Şəhər Prokurorluğu Əhmədova barədə həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı Səbayel Rayon Məhkəməsinə təqdimat veribmiş.
Məlumatda o da bildirilir ki, sabiq deputat həbs olunmazdan əvvəl prokurorluqda və istintaqda da Elşad Abdullayevdən 1 milyon dollar aldığını etiraf edib.
Lakin Gülər Əhmədovanın vəkillərindən biri Eldar Qədimi xəbəri təkzib edib. O, bildirib ki, Gülər Əhmədova məhkəmədə elə söz deməyib: “Gülər xanım ilk gündən deyir ki, Elşaddan pul almayıb. Bu, hansı məntiqdir ki, o, məhkəmədə durub pulu qaytarmaqla bağlı nəsə təklif etsin?”
Gülər Əhmədovanın digər vəkili Raqif Mustafayev isə “Yeni Müsavat”a açıqlamasında bu barədə deyib: “Məhkəmədə hakim deyib ki, pulu qaytarsanız, həbs seçməzdik. O da deyib ki, mən ondan pul almışammı ki, ona pul qaytarım. Əslində heç məhkəmənin belə sual vermək ixtiyarı yoxdur. Elşad Abdullayevin bu günə qədər Gülər xanımla bağlı dedikləri başdan-ayağa şərdir”.


