Britaniyanın sənət jurnalı “Spears”in redaktoru Cosh Spero “Azadlıq”ın təbirincə desək, “dünyada ən məşhur auksionçu və kolleksiyaçı kimi tanınan” Simon de Pury haqda məqalə çap edib.
Sayt yazır ki: “Simon de Pury-nin ”Phillips de Pury” Auksion Evini tərk etdiyi barədə məlumat bütün incəsənət aləmini lərzəyə gətirən xəbər olub. Lakin bundan da sarsıdıcı xəbər bu olub ki, Simon de Pury-nin bu istefadan sonrakı layihələri arasında “Bakıya uçuş/Fly to Baku” layihəsi də var”.
“Spears”in redaktoru Cosh Spero bu layihəni Azərbaycanın repressiv rejimindən gələn sərgi layihəsi adlandırıb: “de Pury Azərbaycanın diktator prezidenti Ilham Əliyevin qızı Leyla Əliyeva ilə söhbət edib. ”Bakıya uçuş” layihəsi məni bir qədər narahat edir. Bu sadəcə olaraq pullu avtoritar hökumətin diqqəti rejimin repressiyalarından yayındırmaq üçün incəsənətdən istifadə etdiyi PR deyilmi?”.
Bu fikir indi müxtəlif rakurslardan dünyanın ünlü media orqanlarında Azərbaycandakı rejimə və onun başçısı olan Əliyevə qarşı ayrı-ayrı yazılarda tez-tez işlədilir, xəbər və yanaşma olaraq da yeni deyil. Məni isə bu məqalədə Azərbaycan ədəbiyyatı və rəssamlığına aid olan natamam fikirlər narahat edir.
Serpo deyir ki, Azərbaycanda rəssamların vəziyyəti, yazıçıların vəziyyətindən çox da fərqli ola bilməz, onlar nəyi yazmaq məsələsində limiti gözləyirlər. Yəni əks halda mühakimə, təqib, həbs, işgəncə, şərləmə, yüksək cərimələr və s.
Bundan sonra müəllif yazır: “”Bakıya uçuş” layihəsindəki əsərlərin siyasi məzmunu dərin deyil və bu bəlkə də ona görədir ki, sənətkarlar özünüsenzura ilə məşğuldurlar”. Redaktor zənn edir ki, bəlkə də bu rəssamların çardaqlarında repressiya və diktatorluğu, habelə hakim ailənin ölkənin pullarını xaricdə şöhrətpərəst layihələrə sovurmasını faş edən radikal rəsm əsərləri gizlin saxlanır.
Yazıda sırf rəssamlıq yer aldığına görə bəlkə də ona haqq qazandırmaq olar. Çünki günümüzün rəssamlarının əsərlərində müəllifin dediyi kimi, nəinki “əsərlərin siyasi məzmunu dərin deyil”, gerçəkdə, ümumiyyətlə, siyasi mövzulu əsərlər yoxdu. Bu günə kimi, rəssamlarımızın əsərlərində belə bir məzmunla qarşılaşmamışıq (karikaturaçıların işlərini çıxmaqla) və şəxsən mən hesab edirəm ki, heç onların çardaqlarında da belə əsərlər yoxdu (hələ onların “çardaqlarının” olub-olmaması da ayrı söhbətin mövzusudu). Çünki internet əsrində mətbuata çıxarılması mümkün olmayan siyasi məzmunlu əsərlərin sosial şəbəkələrdə yayılması problem deyil, necə ki, bu vasitədən yazarlarımız geniş yararlanırlar, lakin rəssamların belə paylaşmalarını bir kərə də görə bilməmişik (mənim gözümdən qaçanlar ola bilər).
Ədəbiyyata gəlincə, Serponun “rəssamların vəziyyəti, yazıçıların vəziyyətindən çox da fərqli ola bilməz” fikri maddi baxımdan gerçəkliyə yaxın olsa da, tam gerçəklik deyil və elə məsələ də məhz, bundadı. Azərbaycan yazarları son iyirmi illik repressiya zamanında Serponun arzuladığı həmin “dərin siyasi məzmun”lu əsərlər yazıblar. Nəinki bu əsərləri qorxularından üzə çıxarmayıblar, əksinə, bəzi cəsarətli nəşriyyatların hesabına çap etdirib, yayıb, satışa belə çıxarıblar. Bu əsərlər özünə görə müzakirələrə səbəb olub, bəzən qalmaqallar, bəzən isə hətta həyati riskə səbəb olublar. Lakin məqalədən anladığımız kimi, Avropa bu əsərlərdən tam xəbərsizdi. Gerçəkdə onları Azərbaycan sənətləri deyil, bir ünlü auksiyonçunun ilişkiləri maraqlandırır. Onlar sanki bizi “görmək” istəyirlər, mən hətta Serponun arzusunu alqışlayıram da, ancaq görək bir dəfə Avropa Azərbaycan ədəbiyyatı ilə ciddi-ciddi maraqlanıbmı? Məsələ də elə bundadı. Avropaya gedib çatan əsərlərimiz varsa belə, onlar da elə hakimiyyətyönlü və təbii ki, maddi cəhətdən yaxşı təmin olunmuş yazarların qarışıq və apolitik məzmunlu boz-bulanıq əsərləridi. Sözümün canı budur ki, nə qədər Avropa bu ölkəyə kürü və neft qoxusuna sarı gələcək, o cür də Azərbaycan mədəniyyətinin şahidi olacaq. Yaxşı olardı ki, Serpo kimi həmkarlar bizim əsərlərimizi çardaqlarda xəyal etmək yerinə, əllərdə və dillərdə gəzdiyini görüb danışsınlar. Taleyini yalnız və yalnız sözə bağlayanlara bundan artıq heç nə lazım deyil.

“Fly to Baku” – Avropa qanadlarımıza inanmır
•
•