Mərhum şairimiz Məmməd Araz yazırdı: “Şöhrət azarına tutulanları şöhrətin özü də sağalda bilmir”. Görünür, mənəvi aşınmaya məruz qalanlar, maddiyyat hesabına şöhrət əldə edə bilirlər.
Biz Azərbaycan reallığında gördük ki, pul xəstəliyinə tutulanları pulun özü də sağalda bilmir. Rejim mənsubları “siyasi xərçəngə” yoluxub.
Dubay mülkləri, Daşkəsən qızılları, Çexiya hotelləri, Vikiliks xəbərləri, Elşad Abdullayevin videoları hələ son deyilmiş. Hələ görəcəyimiz var imiş.
Sən demə, Vircin adasında da bizdən bir parça var imiş.
Özümüz Biləcəridən o tərəfə gedə bilməsək də, sərvətimiz dünyanı dolaşır.
Özümüz ucuz kafedə nahar etməsək də, pulumuz dünyanın bahalı restoranlarında “at oynadır”.
Mənə elə gəlir ki, bu Vircin məsələsi, əvvəlki ifşalardan daha çox diqqəti çəkdi. Hətta dünya da bu məsələdən şoka düşüb.
Bir gün eşitsəniz ki, Vircin adası yanıb, bilin ki, bu, Azərbaycan xalqının içindəki alovudu.
Eşitsəniz ki, Vircin adası tamamilə suyun altında qalıb, bilin ki, bu, ehtiyac içində yaşayan xalqın göz yaşlarıdı.
O adadan qışqırıq, ah-nalə eşitsəniz, bilin ki, dərdli xalqın iztirabının səsidir.
Sanki beynəlxalq təşkilatlar, araşdırmaçı jurnalistlər Azərbaycan xalqını yandırıb-yaxmağa çalışırlar.
Bu xalq xoş xəbərlər eşitməməyə məhkum olub.
Siz dünyanın müxtəlif yerlərində, bizim rəhbərlərimizin milyonlarını tapan vaxt, biz intihar etmiş əsgərimizin cəsədin tapırıq.
Illərdir bu hakiiyyət bu ölkənin sərvətini daşıyır.
Siz sərvətinizi xarici banklara daşıyırsınız, evinə çörək apara bilməyən ata isə tapdalanmış qürurun ağırlaşmış yükünü daşıyır.
Siz yeni villallara sahib olursunuz, xalq isə yeni tabutlara yiyələnir.
Siz pulunuzu, xalq isə dərdini artırır.
Bəlkə də ən böyük günahkar bizik.
Bəlkə də sizin günahınız yoxdur.
Siz pulu, vəzifəni sevdiyiniz qədər, biz də vətəni, Azadlığı sevsəydik, nə sizin oğurladığınız milyonlar, nə də bizim milyonlarla dərdimiz olardı.
13-cü rayon
Ötən gün IP-in Koordinasiya Şurasının üzvü, tanınmış ictimai-siyasi xadim Ibrahim Ibrahimlinin Naxçıvanda oğurlanaraq döyülməsi xəbəri yayıldı. Ibrahim bəy Naxçıvana bacısı oğlunun yasına gedibmiş. Məqam bu məqamdır deyib, başına torba keçirib döyüb, təhqir ediblər.
Ibrahim Ibrahimli yas yerində “Istefa” çağırışı etməyib, “əsgərimiz ölməsin” də deməyib. Doğulduğu yerə yaxın qohumunun dərdinə şərik olmağa gedib.
Indi hakimiyyət bu olaya necə münasibət bildirəcək?
Bir neçə versiya var.
“Ibrahim Ibrahimli ”Fatihə” surəsini düzgün oxumayıb”.
“Ibrahim Ibrahimli halvanın şirin olmamasında şübhəli bilinib”.
“Ibrahim Ibrahimlini narkoman Eliklə səhv salıblar”.
Niyə təəccüb edirsiniz?
Nəsə ağıllı bir açıqlama gözləyirsiniz?
Vasif Talıbovun padşahlıq elədiyi mahalda bu cür olaylar ənənə halını alıb.
Məşhur bir Fransız filmi var. 13-cü rayon. Həmin rayona hətta polislər də ayaq basa bilmir, hökumət nümayəndələri qorxusundan səsini çıxartmır. 13-cü rayonda bir qrup bandit at oynadır. Silah, narkotika, pul quldurların əlində cəmləşir. Bir sözlə, 13-cü rayon ölkə içində ayrıca bir ölkə kimi tanınır.
Indi Naxçıvan da həmin rayonun günündədir. Gedən qorxa-qorxa gedir. Xan heç kimi saymır. Fərqli fikir söyləyənlər məhv edilir. Şəxsi bizneslə məşğul olmaq təhlükəlidir.
Əslində bu ölkədə baş verən hər bir hadisə rejimlə bağlı “rentgen” rolunu oynayır.
Adamı yas yerində oğurlayıb döymək isə onu göstərir ki, bu hakimiyyət üçün ölünün də, dirinin də fərqi eynidir. Bu hakimiyyət dirilər kimi, ölülərə də hörmət qoymur. Ən əsası bu hakimiyyət üçün insani dəyərlər ölüb, heyvani dəyərlər yaşayır.
Ölkəni yas evinə döndərdikləri bəs olmayıb, insanlara yas keçirməyə də imkan vermirlər.