Musa Rahimə cinayət işi açıldı

Hüquq müdafiəçisi Musa Rahimə qarşı  Nəsimi rayon polis idarəsində cinayət işi qaldırılıb.Bu haqda Avropa.info-ya hüquq müdafiəçisinin köməkçisi Saleh Qafarlı deyib. Onun bildirdiyinə görə, AXCP üzvü Dəyanət Babayevin işi ilə bağlı Musa  Rahimə də Cinayət Məcəlləsinin 221.2.1  maddəsi ilə (xuliqanlıq)  cinayət işi açılıb.” Musa Rahimlə bağlı işi Dəyanət Babayevin işindən ayırıblar. Yalançı şahidlər Dəyanətlə yanaşı Musa Rahimin də əleyhinə ifadə veriblər. Artıq onun  pasportunun  bağlanması üçün İmişli Rayon Polis İdarəsinə də müraciət göndərilib”. S .Qafarlının dediyinə  görə, hüquq müdafiəçisi özünü təqsirkar saymır və bunu onun fəaliyyətinə göstərilən təzyiq hesab edir.

Xatırladaq ki, istintaqın  AXCP üzvü  Dəyanət Babayevlə bağlı hazırladığı və məhkəməyə  göndərilməsi üçün nəzərdə tutulan  yekun  qərarında da Musa Rahimin adı çəkilir. İttiham aktına görə,Babayev Dəyanət Səxavət oğlu alkoqol sərxoşluğu vəziyyətində 07 noyabr 2012-ci il  tarixdə saat 23:00 radələrində Nəsimi rayonu, Rəsul Rza  küçəsi 31 ünvanda yerləşən “Ucuz Market” mağazasının qarşısında Musa Rahim  Mənəf   oğlu ilə birlikdə bir qrup şəxs tərkibində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan ,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,vətəndaş üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayət olunan qərəzli hərəkətlər etməklə Səlimov Tofiq Fuad oğlunu nalayiq ifadələrlə təhqir edib bir neçə dəfə əl və təpiklə  bədəninin müxtəlif  nahiyələrinə vuraraq  Səlimova   fiziki və maddi ziyan vurmuşlar. Bununla da Babayev  Dəyanət  Səxavət oğlu  Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir.